Bahadur Tağıyev
Bahadur Hüseyn oğlu Tağıyev (13 mart 1934, Türkoba, Masallı rayonu – 7 yanvar 2020, Bakı) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2014), Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri.
== Həyatı ==
Bahadur Tağıyev 13 mart 1934-cü ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fizika ixtisası üzrə bitirmişdir. O, 1965-ci ildə fizika üzrə fəlsəfə doktoru, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini, 1984-cü ildə isə professor elmi adını almış, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilmişdir. Rusiya Elmlər Akademiyasının lümenessensiya şurasının üzvü olmuşdur.Bahadur Tağıyev əmək fəaliyyətinə 1959-cu ildə başlayamışdır. O, AEA Fizika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri işləmişdir. Sonralar isə bu institutun baş elmi işçisi olmuşdur. B.Tağıyev 1996–2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olmuş, 2009-cu ildən isə burada Fizika kafedrasının müdiri və Elmi-tədqiqat Nəqliyyat və Aviakosmik Problemlər İnstitutunun (ETNAPİ) direktoru vəzifəsində işləmişdir.Bahadur Tağıyev 7 yanvar 2020-ci ildə vəfat etmişdir. İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
== Elmi nəaliyyətləri ==
Alimin fəaliyyəti nəticəsində müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə (GaSe, Ga2 Se3, EuGa2Se4, CaGa2 S4 və s.) 77300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10–105 V/sm) elektrikkeçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilmişdir.