Abdulla Tağızadə

Abdulla Məmməd oğlu Tağızadə (1897, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası12 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dilçisi, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi işçisi və APİ-nin dilçilik kafedrasının müdiri. Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri və Azərbaycandakı əlifba hərəkatının fəal üzvlərindən biri olmuşdur. Böyük təmizləmə zamanı öldürülüb.[1]

Abdulla Tağızadə
Abdulla Məmməd oğlu Tağızadə
Doğum tarixi 1897
Doğum yeri
Vəfat tarixi 12 yanvar 1938(1938-01-12)
Vəfat yeri
Vəfat səbəbi repressiya
Fəaliyyəti dilçi, filoloq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk təhsilini məhəllədəki ibtidai məktəbdə alan Abdulla, daha sonra Gəncə gimnaziyasında oxuyub. O, 1916-cı ildə gimnaziyanı uğurla başa vurub və Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Bir il sonra Rusiyanı bürümüş inqilab dalğası səbəbiylə Gəncəyə geri dönmüşdür.

Abdulla Tağızadə, Maarif Komissarlığının sərəncamı ilə 1924-cü ildə Leninqrad şəhərindəki Şərq Dilləri İnstituna oxumağa göndərilir. O, həm də Leninqrad Dövlət Universitetinin dil və mədəniyyət fakültəsinə daxil olur. Burada professor A. N. Samoyloviçlə dostluq edən Abdulla 1925-ci ildə Leninqradda Bəkir Çobanzadə ilə tanış olur. Bu tanışlıq sonralar onlar arasında möhkəm dostluğa çevrilir.

O, ölkədə xüsusən əlifba islahatına böyük maraq göstərib. 1919-cu ildə yeni yaradılan Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq Azərbaycan Xalq Cümuriyyəti Maarif Nazirliyi yanında yaradılan əlifba komissiyasında fəaliyyət göstərir və öz təkliflərini verir.[2]

1920-ci ildə Maarif Komissarlığında texniki katib, "Qaçqınlar və əziyyət çəkənlərə kömək üçün yaradılan xüsusi komissiya"da müavin, 1921-ci ildən Xalq Torpaq Komissarlığının "Əkinçi" jurnalında məsul katib işləyən və Bakı Sovetinin üzvü olan Abdulla Tağızadə təhsil sahəsindəki bilik və təcrübəsini tətbiq etmək üçün maarif sahəsində xidmətə başlayır.

Yazıçı Ədalət Tahirzadənin araşdırmalarına görə 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının Məktəbdənkənar İdarəsində işə girən Abdulla Tağızadə həmin ilin iyulun 1-də Məktəbdənkənar Tərbiyə İdarəsinin Müdir müavini təyin olunur. O, burada cəmi üç ay işləyir.

1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi yaradılır. Komitəyə noyabr ayının 20-dək, tanınmış dilçı alim Fərhad Ağazadə rəhbərlik edir. Abdulla Tağızadəni də bu komitəyə işə dəvət edirlər. O, Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlikaslanov, Əhməd Pepinovla birgə komitənin rəhbər heyətinə seçilir.

Araşdırmaçı Əli Şamil AzEdu-az açıqlamasında A. Tağızadənin bundan sonrakı fəaliyyəti haqqında bunları demişdir:

" Fərhad Ağazadə ilə tanışlıq və Yeni Əlifba Komitəsində işə girməsi Abdulla Tağızadənin ömür yolunu müəyyənləşdirir. O, bir dilçi alim kimi formalaşır. Fərhad Ağazadə xəstəliyinə görə müalicəyə getdiyindən komitəyə Abdulla Tağızadə rəhbərlik etməli olur. Yeni Əlifba Komitəsinin Azərbaycanın Şuşa, Qazax, Tovuz, Gəncə, Şəki, Ağdam və b. bölgələrdə, eləcə də Türküstanda, Tbilisidə, İrəvanda şöbələri yaradılır. Yeni Əlifba Komitəsinin 1924-cü il aprelin 25-də keçirilən toplantısında Fərhad Ağazadə və Abdulla Tağızadənin fəaliyyəti xüsusilə qeyd olunur. "

1926-cı ildə Bakıda kecirilən I Türkoloji Qurultaya qatılmışdır.

Ali təhsili başa vurub aspiranturaya daxil olan Abdulla Tağızadə 1928-ci ildə Azərbaycan Maarif Nazirliyi tərəfindən ölkəyə dəvət olunur. O, Ümumittifaq Yeni Əlifba Komitəsinin "Kultura i pismennos Vostoka" toplusunda məsul katib işləyir. Ali məktəbdə "Qədim türk dilləri" fənnindən, Azərbaycan Elmi Tədqiqat İnstitunda aspirantlara "Qədim Türk dillərinin yazılı abidələri" və "Türk dillərinin qramatikası" fənnlərindən mühazirələr oxuyur, eləcə də Marksizim-Leninizm İnstitutunda Azərbaycan türkcəsi fənnini tədris edir.

Abdulla Tağızadə Azərbaycan Elmi-Tədqiqat İnstitunda, dil-ədəbiyyat və sənət şöbəsində elmi işçi, sonra isə dilçilik və terminologiya şöbəsinin müdiri işləmiş, "Türk-tatar dillərinin tarixi sərf-nəhvi" kitabını nəşr etdirmişdir.

Repressiyaya məruz qalması

[redaktə | mənbəni redaktə et]

1937-ci il martın 17-də həbs edilib. 1937-ci il sentyabrın 12-də istintaqın daha 6 ay uzadılmasına icazə alınır. Dilçi-alim 1938-ci il yanvarın 12-də "xalq düşməni" kimi güllələnir. İstintaq işindəki sənədlərdən birindən bəlli olur ki, onun şəxsi kitabxanası da yandırılıb.

A. Tağızadə orta məktəblər üçün türk dili dərsliklərinin yaradılmasdında yaxından iştirak edib. "Qədim türk dilləri" (Bakı, 1927), "Müxtəsər üslubiyyat" (Bakı, 1933) kitablarını yazıb.

  1. "Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət alimi və əlifba "inqilabçısı"". azedu.az. 2020-10-29 tarixində arxivləşdirilib.
  2. "Azərbaycanda əlifba məsələsinə Xalq Cümhuriyyətinin baxışı". www.anl.az. 2022-03-23 tarixində arxivləşdirilib.