Ələmdar Quluzadə
Ələmdar Quluzadə - Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
== Həyatı ==
1952-ci ildə Qarabağın Xocalı kəndində anadan olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra 1973-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialında Azərbaycan dili və ədəbiyyat fakultəsini bitirib. 1988-ci ilin sentyabr ayına qədər Xankəndində yaşayıb və bu müddətdə keçmiş, DQMV radio verilişləri komitəsinin Azərbaycan verilişləri redaksiyasında müxbir vəzifəsində çalışmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Yaradıcılığa gənc yaşlarında başlayan şairin şeirləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində və “Ulduz” jurnallarında dərc edilmişdir. Ələmdar Quluzadənin ilk kitabı “Dağların yaddaşı” adlanır. Sonralar Ələmdar müəllimin bir-birindən maraqlı kitabları dərc edilmişdir. O, “Tumurcuqlar”, “Beş qitənin uşaqları”, “Şəhid şəhər”, “Alay komandiri”, “Ömür-gün qabaqdadır”, “İsti ocaq”, “Mənə söz verin”, “Məhləmin uşaqları”, “Məni yoldan eləmə”, “Qürbətə düşən daş”, “Dilotu”, “Ürəyindən keçəydim”, “Ətirşah ətri”, “Boğça”, “Qadan mənə Qarabağ” kitablarının müəllifidir. Şairin kitablarını kiçiklərlə yanaşı, böyüklər də sevərək oxuyur.