Faina Kunqurova
Faina Kunqurova (doğum adı: Fəridə Mehman qızı Tağıyeva; 10 oktyabr 1974; Bakı, Azərbaycan SSR - 18 noyabr 2007; Penitensiar Xidmətin Müalicə Müəssisəsi, Bakı, Azərbaycan) — azərbaycanlı siyasi fəal.
Faina Kunqurova siyasi fəaliyyəti səbəbindən 2002 və 2007-ci illərdə həbs olunub və siyasi məhbus həyatı yaşayıb. 2007-ci il noyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Avropa Şurası tərəfindən Azərbaycan üzrə siyasi məhbuslar siyahısında adı daxil edilən birinci qadın olub.
== Həyatı ==
Faina Kunqurova 1974-cü il fevralın 10-da Bakı şəhərində anadan olub. Atası Mehman Tağıyev azərbaycanlı, anası Larisa Anatolevna Kunqurova isə rus-yəhudi idi.
Faina Kunqurova 1980-1990-cı illərdə 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli və bir qız anası idi.
== Siyasi fəaliyyəti ==
=== Həbs edilməsi (2002) ===
2001-ci il martın 26-da Səbail Rayon Prokurorluğunda Faina Kunqurovaya qarşı Cinayət Məcəlləsinin 132-ci (adam döymə) maddəsi ilə cinayət işi açıldı. Buna səbəb Kunqurovanın qonşusu Zöhrə Əliyevanın, onu döydüyünü, nalayiq söyüşlər söylədiyini, bıçaqla hədələndiyini və yüngül bədən xəsarətləri yetirdiyini iddia eləməsi olub.