Abuzər Xələfov
Abuzər Alı oğlu Xələfov (25 dekabr 1931, Cil, Basarkeçər rayonu – 27 aprel 2020, Bakı) — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor.
== Həyatı ==
Abuzər Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.
== Fəaliyyəti ==
A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. Professor Xələfov uzun illər ərzində Sovet İttifaqında – Moskva şəhərində fəaliyyət göstərmiş doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də fəaliyyət göstərmişdir.
O, Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvu kimi iştirak etmişdir.
A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur.