Abuzər Alı oğlu Xələfov (25 dekabr 1931, Cil, Basarkeçər rayonu – 27 aprel 2020[1], Bakı) — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi,[2] Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor.[3]
Abuzər Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub.[4] 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.
A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. Professor Xələfov uzun illər ərzində Sovet İttifaqında – Moskva şəhərində fəaliyyət göstərmiş doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də fəaliyyət göstərmişdir[5].
O, Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvu kimi iştirak etmişdir.
A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur. Onun "Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı", "Azərbaycanda ali kitabxanaçılıq təhsili" kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsilinin, yüksəkixtisaslı mütəxəssislər hazırlanmasının konseptual cəhətdən həllinə ciddi təsir göstərmişdir.
Professor A.Xələfov kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində mütəxəssis, elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynamışdır. Ümumiyyətlə, o, Azərbaycanda kitabxanaşünaslıq elmi sahəsində xüsusi elmi məktəb yaratmış, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodologiyası və aktual problemləri ilə bağlı geniş tədqiqatlar aparan 1 elmlər doktoru və 10-dan çox elmlər namizədi (fəlsəfə doktoru) hazırlamışdır. Professor A.Xələfovun tanınmış yetirmələri sırasında professor Xəlil İsmayılov, professor Kərim Tahirov, dosent Aşur Əliyev, dosent Elçin Əhmədov[6], dosent Knyaz Aslan, dosent Mehmanəli Məmmədov[7], dosent Pərviz Kazimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov[8] və digər adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış alimlər vardır. Tanınmış alim, eyni zamanda 25 nəfər elmlər namizədi və elmlər doktorunun hazırlanmasında elmi məsləhətçi və ya opponent kimi xüsusi fəallıq göstərmişdir.
- 1950–1955, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsi;
- 1961, t.e.n. "Azərbacanda kitabxana işinin tarixindən (1920–1932-ci illər)" mövzusunda namizədlik dissertasiyası;
- 1964, dosent;
- 1975, t.e.d., "Azərbaycanda kitabxana işinin tarixi (1933–1958-ci illər)" mövzusunda doktorluq dissertasiyası;
- 1978, professor.
İşlədiyi yerlər:
- 1955–1978, Kitabxanaçılıq fakültəsində müəllim, baş müəllim, dosent;
- 1962–70 və 1980–1994, Kitabxanaçılıq fakültəsində dekan;
- 1962-ci ildən bu günə kimi BDU-nun Böyük Elmi Şurasının üzvü;
- 1963-cü ildən bu günə kimi Kitabxanaşünaslıq kafedrasının müdiri;
- 1964–1984, Azərbaycan SSR Mədəniyyət Nazirliyi yanında İdarələrarası Kitabxana Şurasının sədri;
- 1965–1980, SSRI Mədəniyyət Nazirliyi yanında İdarələrarası Kitabxana Şurasının üzvü;
- 1966-cı ildən bü günə kimi Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi;
- 1970–1979, BDU-nun Elmi Əsərlərinin "Kitabxanaşunaslıq və biblioqrafiya" seriyasının redaktoru;
- 1972-ci ildən bu günə kimi Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq bölməsinin sədri;
- 1982–1987, Respublika Kitabsevərlər Cəmiyyəti nəzdində "Kitab" Xalq universitetinin rektoru;
- 1990, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayan işçi qrupunun üzvü;
- 1995-ci ildən bu günə kimi BDU-nun Veteranlar şurasının sədr müavini;
- 1998, BDU-nun Nəşriyyat Şurasının sədri;
- 1998, "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayan işçi qrupunun sədri;
- 1999, Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Kitabxanaçılar cəmiyyəti yaratmış və onun ilk prezidenti ;
- 1999, "Kitabxana proseslərinin kompüterləşdirilməsi" ETL-in müdiri;
- 2000, BMT yanında Beynəlxalq Informasiyalaşdırma Akademiyasının müxbir üzvü;
- 2001, BMT yanında Beynəlxalq Informasiyalaşdırma Akademiyasının həqiqi üzvü (akademik);
- 2008, Təhsil haqqında Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayan işçi qrupunun üzvü.
- 1946, "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı;
- 1969, "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı;
- 1970, "Şərəfli əməyə görə" medalı;
- 1971, Ümumittifaq "Bilik" Cəmiyyətinin fəxri fərmanı;
- 1974, "1973-cü il sosializm yarışının qalibi nişanı";
- 1976, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı;
- 1977, "1976-cı il sosializm yarışının qalibi nişanı";
- 1979, "İşdə əla müvəffəqiyyətlərinə görə" döş nişanı;
- 1981, Azəbaycan Ali və Orta Ixtisas Təhsil Nazirliyinin fəxri fərmanı;
- 1984, "N.K.Krupskaya" medalı;
- 1984, "1983-cü il sosializm yarışının qalibi nişanı";
- 1985, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı;
- 1987, "Fəal işinə görə" nişanı;
- 1989, "Əmək veteranı" medalı;
- 1995, "Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı;
- 2000, "Şöhrət" ordeni;
- 2000, "1941–1945-ci illər müharibəsi veteranı" nişanı;
- 2001, "Əməkdar elm xadimi" fəxri adı;
- 2001, "Xeyriyyəçilik və maarifçilik" medalı;
- 2002, Azərbaycanlı alim ABI-nin mükafatı;
- 2002, "Təhsil sahələri üzrə nailiyyətlərə görə" mükafatı;
- 2004, Amerikada "Ilin adamı-2004" seçilmişdir;
- 2005, "İlin müəllimi" fəxri adı;
- 2006, "Əlaçı təhsil işçisi" döş nişanı;
- 2007, Azərbaycan Respublikası Prezidentinin Fəxri Təqaüdçüsü.
- 2019, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı
- 2019, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir.[9]
- Azərbacanda kitabxana işinin tarixi
- Kitabxanaşünaslığın müasir problemləri
- Kitabxana fondu təşkilinin bəzi məsələləri- B.: "ADU" nəşriyyatı.-1958.-64 s.
- Azərbaycanda kitabxana işinin tarixindən (1870–1920) — B.: "ADU" nəşriyyatı.-1960.-83 s.
- Sovet Azərbaycanında kitabxana işinin tarixi (1920–1932) -Bakı, 1960 .-188 s.
- Из истории библиотечного дела в Советском Азербайджане (1920 – 1932 гг.): Автореферат диссертации на соискание ученой степени кандидата исторических наук. – Б., 1961. – 17с.
- Azərbaycanda kitabxana işinin tarixi (1933–1958) /Bakı: Azərnəşr, 1974.-244 s.
- Lenin və kitabxana işi — B.: Azərnəşr, 1974.- 102 s.
- История библиотечного дела в Азербайджане (1933–1958 гг.): Автореферат диссетации на соискание ученой степени доктора исторических наук. – Б., 1974. – 138с.
- Библиотечный факультет. –Б., 1981. –32с В соавторстве Р.А.Кязимовым.
- Azərbaycanda kitabxana işinin tarixindən (Qədim dövrdən XVIII əsrin axırınadək). – B.: Bilik, 1986. – 51s.
- Kitabxana işçisinin məlumat kitabı. -Bakı : Azərnəşr, 1986.-286 s. R.Kazımov və E.Bədəlovla birlikdə.
- Azərbaycanda kitabxanaçılıq təhsilin inkişafı.- B.: "Maarif" nəşriyyatı.-1987.-130 s.
- Kitabxana işinin tarixi kursuna giriş. Bakı Universiteti,1996 36 s., 20 sm.
- Kitabxanaşünaslıq: Kitabxana kataloqları (ali məktəblər üçün dərslik). Bakı Universiteti, 1996.-212 s. Bədəlov E. M., Abbasova A. N. və b. birlikdə.
- T. Quliyev, M. Həsənov, A. Əliyev və S. Mustafayeva ilə birlikdə.
- Kitabxanaşünaslığa giriş (dərslik) -Bakı, 1996.-58 s.
- Azərbaycanda ali kitabxanaçılıq təhsili. – B.: BDU, 1998. – 130s.
- Respublika Elmi-Texniki kitabxanası (1930–2000): Kitabxananın 70 illiyinə həsr edilmiş qısa tarixi oçerk / Bakı Universiteti, 2001. — 38 s.
- Azərbaycanda kitabxana işinin tarixi (qısa icmal)/ Bakı Universiteti, 2001.-52 s.
- Kitabxanaşünaslığa giriş, 3 hissədə dərslik: I hissə (nəzəri əsaslar), II hissə, III hissə (kitabxana işi haqqında təlim). Bakı: BDU, 2001–2003.
- Kitabxana işinin tarixi kursuna giriş — Bakı Universiteti, 2002 .-38 s.
- Heydər Əliyev: Biblioqrafik məlumat kitabı /Red. və ön sözün müəllifi A.M.Məhərrəmov. –B.: Bakı Universiteti Nəşriyyatı, 2003. –434s. S.A.Sadıqova ilə birlikdə.
- Гейдар Алиев: Библиографический справочник / Ред. и автор выступ. слова А.М.Магеррамов. – Б.: Издательство Бакинского Университета, 2003.– 446с. Вместе с С.А.Садыговой.
- Heydar Aliyev: Bibliografik reference book /Editor and preface A.M.Maharramov.- B.: Baku University Press, 2003.– 455p. Togeather with S.A.Sadigova.
- Azərbaycanda kitabxana işinin tarixi: ən qədim dövrdən XX əsrə qədər, 2 hissədə dərslik: I hissə, II hissə. BDU, 2004.-328 s.
- Heydər Əliyev və Azərbaycanda kitabxana işi. – B.: Azərnəşr, 2006. – 312s.
- XXI əsrin əvvələrində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri: mülahizələr, təkliflər və proqnozlar. AMEA Mərkəzi Elmi Kitabxana.-Bakı, 2006.-106 s.
- Kitabxanaların kompüterləşdirilməsinin əsasları (dərslik) — Bakı Universiteti, 2007. −200 s.- A.Qurbanovla birlikdə.
- Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il elm və təhsilin xidmətində. Bakı Universiteti, 2009.-208, [1] s.
- Azərbaycanda kitabxana işinin tarixi (dərslik), 3 hissədə: II hissə (XX əsrin I yarısında) , III hissə (XX əsrin II yarısında və XXI əsrin əvvələrində). Bakı Universiteti, 2010.
- Kitabxana və cəmiyyət — B: "Azərnəşr", 2011.- 348 s.
- "Mənalı ömür yolu". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. — səh. 152.