Ardzaqank (qəzet)
"Ardzaqank" (erm. Արձագանք — Əks-səda) — 1882–1898-ci illərdə Tbilisidə nəşr edilmiş ədəbi-siyasi erməni qəzeti. Mühərriri (redaktoru) və naşiri Abkar Hovannesyan olmuşdur.
== Haqqında ==
İlk nömrəsi 1882-ci ildə işıq üzü görmüşdür. 1889-cu ilə qədər həftəlik ədəbi-siyasi qəzet, 1890–1891-ci illərdə həftəlik illustrasiyalı ədəbi-siyasi qəzet olmuşdur. 28 iyul 1891-ci il tarixli nömrəsindən yenidən həftədə bir dəfə çıxan ədəbi-siyasi qəzet, 1892-ci ildən həftədə 3 dəfə çıxan ədəbi-siyasi qəzet olmuşdur. 1898-ci ildə "təhlükəli fikirlər yaydığına görə" Qafqaz hakimi knyaz Q.S.Qalitsinin əmri ilə nəşri dayandırılmışdır.
== Fəaliyyəti ==
"Ardzaqank" qəzeti XIX əsrin ikinci yarısında erməni ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Qəzetdə Rafael Patkanyan, Raffi, Aleksandr Şirvanzadə, Muratsan, Vrtanes Papazyan, Qabriel Sundukyan, Hovannes Hovanesyan, Hakob Paronyan, Qriqor Zöhrab, Bedros Turyan və başqa şair və yazıçıların əsərlərini çap edilmiş, rus və Avropa ədəbiyyatı nümayəndələrindən (M.Lermontov, İ.Turqenev, Şandor Petöfi, Fridrix Şiller, Zolya, Dode, Gi dö Mopassan, Qenrix İbsen və b.) tərcümələrə yer verilimiş, dil, ədəbiyyat və maarif, ədəbi nəzəriyyə və tənqid, arxeoloji və topoqrafik çalışmalar kimi mövzülar haqqında məqalələr çap edilmişdir. Qəzet tək Qafqaz yox, həm də Osmanlı imperiyasında yaşayan ermənilər haqqında tez-tez məqalələrlə çıxış etmiş, onların səsi olmuşdur.