Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) — neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumu. Fond Prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə yaradılıb.[3] Hazırda rəhbəri İsrafil Məmmədovdur.[4]
Azərbaycan Respublikası Dövlət Neft Fondu | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Maliyyə |
Təsis tarixi | 29 dekabr 1999 |
Baş qərargahın yeri | Bakı, Heydər Əliyev pr. 165, AZ 1029 |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər | 57 372,8 mln. dollar (1 aprel 2024)[1] |
Xalis mənfəəti | -703,358 (2018)[2] |
Əməliyyat mənfəəti | 4 424.2 mln. manat |
Rəhbərlik | |
Təsisçi | Azərbaycan hökuməti |
oilfund.az |
ARDNF Azərbaycan Respublikası Prezidenti, Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır. ARDNF-nin yaradılması Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Neft Strategiyasının ayrılmaz hissəsidir.
ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.
ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. ARDNF-nin təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir.
ARDNF-nin fəaliyyəti ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəlmişdir:
1. Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi;
2. Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi;
3. Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması.
ARDNF-nin fəaliyyətinə ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının başlıca vəzifəsi ARDNF-nin İcraçı direktoru tərəfindən hazırlanan illik büdcə layihəsinə və büdcənin icrası barədə hesabatlara, illik hesabatlara, maliyyə fəaliyyətinin auditinin nəticələrinə rəy verməkdir.
ARDNF-ə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən İcraçı direktor rəhbərlik edir.
ARDNF-nin İcraçı direktoruna Fondu qanuni olaraq təmsil etmək, işçiləri vəzifəyə təyin etmək və vəzifədən azad etmək, Fondun işini təşkil etmək, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq ARDNF-nin vəsaitlərinin idarə edilməsi və yerləşdirilməsi üzrə sərəncam vermək səlahiyyətləri verilmişdir. İcraçı direktor ARDNF-nin illik büdcəsini, ARDNF-nin vəsaitinin istifadə edilməsinə dair illik proqramını hazırlayır və təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edir.
ARDNF-nin büdcəsinin icrası Müşahidə Şurası tərəfindən verilmiş rəy əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş ARDNF-nin büdcəsinə, o cümlədən vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramına) və illik xərclər smetasına uyğun olaraq həyata keçirilir.
ARDNF-nin vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a (İnvestisiya qaydaları) və illik əsasda təsdiq olunan "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti"nə uyğun olaraq həyata keçirilir.
ARDNF-nin vəsaiti aşağıdakılar hesabına formalaşır:
ARDNF-nin Əsasnaməsinə uyğun olaraq, Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına və bərpasına istifadə oluna bilər.
Bundan başqa, ARDNF dövlət büdcəsinə transfertlər edir. ARDNF-nin xərclərinin müəyyən hissəsi isə onun idarə edilməsinə yönəldilir.
Azərbaycan Respublikasının "Büdcə Sistemi haqqında" Qanununa uyğun olaraq, ARDNF-nin xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsidir və hər il dövlət büdcəsi ilə birlikdə ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir. Qanunda nəzərdə tutulduğu kimi, ARDNF yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə bilər.
ARDNF aşağıdakı layihələrin maliyyələşdirilməsini həyata keçirir:
1.Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (tamamlanıb);
2. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli layihəsi;
3."Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsi (tamamlanıb);
4."Samur-Abşeron kanalının rekonstruksiya edilməsi" layihəsi;
5. Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi (tamamlanıb);
6.Bakı-Tbilisi-Qars layihəsinin maliyyələşdirilməsi;
7."2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi (tamamlanıb);
8. "Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi;
9. Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
10. Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusunun tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (tamamlanıb).
ARDNF-nin vəsaitləri Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, əlavə və dəyişikliklər nəzərə alınmaqla "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə illik əsasda təsdiq olunan "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti"nə əsasən idarə olunur.
İnvestisiya siyasətinə uyğun olaraq İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi "A" (Standard & Poor's, Fitch) və ya "A2" (Moody's) dərəcələrindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Fondun investisiya portfelinin məcmu dəyərinin:
ARDNF-nin investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir:
2021-ci il aprel ayının 1-ə ARDNF-nin aktivləri 42 761,3 mln. ABŞ dolları təşkil etmişdir.
ARDNF-nin fəaliyyətində daim şəffaflıq sahəsinə xüsusi diqqət göstərir. ARDNF-nin hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir.
ARDNF təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunması üçün gəlir və xərcləri haqqında rüblük, ARDNF-nin fəaliyyəti barədə illik hesabatları mətbuatda, ARDNF-nin internet səhifəsində (www.oilfund.az) və sosial media səhifələrində (Facebook, Twitter) mütəmadi olaraq dərc etdirir.
2007-ci ilin mayında ARDNF "BMT-nin Dövlət Qulluğu Mükafatı" ilə təltif edilmişdir. Dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat hesab olunan "BMT-nin Dövlət Qulluğu Mükafatı" dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunub. ARDNF Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumudur.
2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş MHŞT üzrə 4-cü beynəlxalq konfransda Azərbaycan MHŞT prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olmuş və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "MHŞT mükafatı" təqdim edilmişdir.
Suveren Sərvət Fondları — maliyyə ehtiyatlarını istiqrazlar, əmlak, qiymətli metallar və ya digər maliyyə alətləri təşkil edən, təbii sərvətlərdən əldə edilən gəlir hesabına formalaşan dövlət maliyyə fondlarıdır. Bu termin ilk dəfə 2005-ci ildə işlədilmişdir.
2009-cu il aprelin 5–6-da Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilmiş Suveren Fondların Beynəlxalq İşçi Qrupunun iclasında Suveren Fondların Beynəlxalq Forumunun yaradılması haqqında qərar qəbul edilmişdir. ARDNF bu Beynəlxalq Forumun üzvüdür.
ARDNF Suveren Fondların Beynəlxalq Forumu (SFBF) vasitəsi ilə digər Suveren Fondlar (SF) ilə əməkdaşlığını davam etdirir. SF-nin könüllülük prinsipi əsasında yaradılmış qrupu olan SFBF-nin üzvləri onların ümumi maraqlarına uyğun olan məsələlərin müzakirəsi ilə əlaqədar mütəmadi olaraq görüşür və fikir mübadiləsi edir, habelə SF-nin fəaliyyəti və Santyaqo Prinsiplərinin (SP) anlaşılmasına yardım edir. SFBF-nin ilk görüşü 2009-cu ilin 8–9 oktyabr tarixlərində Azərbaycan hökuməti və ARDNF-nin təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir. SP-nin 24-cü prinsipinə əsasən, ARDNF SP-nin tətbiqi ilə bağlı ilk hesabatını hazırlamışdır [1] və o, illik əsasda nəzərdən keçirilir.
Loqonun ümumi görünüşündə ARDNF-nin fəaliyyətinin tərkib hissəsi olan Azərbaycanın sərvətlərinin gələcək nəsillər üçün saxlanmasını özündə simvolizə edən əlləri arasında çox əziz və qiymətli nəyisə himayə edən insan fiquru təsvir edilmişdir.
Fiqurun əlləri loqoya bənzərsiz milli kolorit verən iki buta şəklində təsvir edilmişdir.
Fiqurun əlləri arasındakı sahə ölkənin ümumilikdə gələcəyinə, həmçinin ARDNF-nin ölkə və xalqın firavan gələcəyinin qurulması sahəsində fəaliyyətinə yönəlmiş baxışın göz şəklində rəmzidir.
Eyni zamanda bu baxış təsvir edilmiş fiqurun öz daxilinə yönəlmişdir. Əllərin arasındakı kürə insanın ürəyini təsvir edir ki, bu da ARDNF-nin şəffaf fəaliyyətinin simvoludur.