Fatmaxanım Nəbiyeva
Nəbiyeva Fatmaxanım Xalid qızı (2 may 1958, Yuxarı Ləki, Ağdaş rayonu) - AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent
== Həyatı ==
1958-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-coğrafiya fakultəsini qırmızı diplomla bitirmişdir.
== Elmi yaradıcılığı ==
1979-cu ildə ADPİ-nun coğrafiya-biologiya fakultəsini qırmızı diplomla bitirmiş, 1979-1985-ci illərdə orta məktəbdə coğrafiya-biologiya müəllimi vəzifəsində işləmişdir.
1986-cı ildə qiyabi aspiranturaya daxil olmuş, 1992-ci ildə “Türyançayın orta hövzəsində eroziyaya uğramış yamacların fitomeliorasiya yolu ilə bərkidilməsi” mövzusunda dissertasiya işini akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə müdafiə edərək, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır . 1985-ci ildən elmi institutda çalışır. Elmi stajı 32 ildir. Elmi fəaliyyəti dövründə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, elmi katib vəzifələrində çalışmışdır. 1985-2002-ci illərdə Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutunun “Səhralaşma və torpaqların mühafizəsi” laboratoriyasında, 2002-2004-cü illərdə Botanika İnstitutunun “Geobotanika” şöbəsində, 2004-2008-ci illərdə Genetik Ehtiyatlar İnstitutunun “Bioekologiya” laboratoriyasında işləmiş və 2008-ci ildən AMEA Naxçıvan Bölməsinin “Bitki sistematikası” şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. Laboratoriya işlərində, layihələrin hazırlanmasında, ekspedisiyalarda və çöl-tədqiqat işlərində yaxından iştirak edir. Herbari materiallarının toplanmasında, öyrənilməsində, sistemə salınmasında, qorunub saxlanmasında, “Herbari Fondu”nun zənginləşdirilməsində və elmi məqsədlərlə istifadə olunması sahəsində səmərəli elmi-tədqiqat işləri aparır.