Balasadıq
Aslanov Balasadıq Sadıq oğlu - şair, ssenarist, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
== Həyatı ==
Balasadıq 1929-cu il oktyabrın 21-də Bakının Mərdəkan qəsəbəsində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1936-1946). Ailə vəziyyətinə görə təhsilini davam etdirə bilməmişdir. Əmək fəaliyyətinə Əzizbəyovneftdə çilingər kimi başlamış (1946-1952), sonra Bakı Radio zavodunda elektrik qaynaqçısı (1952-1969), "Azərbaycanfılm" kinostudiyasında aktyor şöbəsinin rəisi (1969-1988), həmin studiyanın dublyaj qrupunda rejissor assistenti-redaktor, "Oğuz eli" qəzeti redaksiyasında poeziya və nəsr şöbəsinin müdiri vəzifələrində işləmişdir (1990-2003). Azərbaycan klassik və müasir ədəbiyyatını, eləcə də dünya xalqları əbədiyyatını mütaliə yolu ilə dərindən öyrənmişdir. Ədəbi aləmə 1963-cü ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə gəlmişdir. İlk mətbu şeirləri - "Yaylağa payız düşür", "Nəğmələr dinən zaman" "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur (1963). "Azərbaycan", "Ulduz" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri" qəzetlərində müntəzəm çıxış etmişdir. "Atəşgahda möcüzə" (1997) kitabı kütləvi tirajla buraxılmışdır.