Bu söz izahlı lüğətdə bayquş sözünün qədim forması kimi göstərilir.
Prof. B.Əhmədov “Etimologiya lüğəti”ndə yazır: “Bayqu gödək və əyri dimdiyi, uzun caynaqları olan ov quşudur. Mənbələrdə piğu, bəyğu, bayğu formalarında yazılıb. Hərfi mənası bəy quşu deməkdir. Farslarda şahin adlanan quşların ümumi adı bizdə bəyquşu olub. Şahin “şaha layiq quş” demək olduğu kimi, bayqu da “bəyə layiq quş” anlamını əks etdirib. Sinonim sözlərdir, lakin alınma söz öz sözümüzü sıxışdıra bilib”. Dastanda rast gəlinən dil faktları bu sözün prof. B.Əhmədovun göstərdiyi kimi, başqa mənası da olduğunu təsdiq edir:
Ay ariflər, gəlin sizə söyləyim,
İstəkli dost mənnən aralı düşdü.
İllər həsrətiyəm, aylar ayrısı,
Sinəm bayğu kimi yaralı düşdü.
(“Əsli və Kərəm”)