1. Bir şey haqqında məlumatı olmaq, xəbərdar olmaq, vaqif olmaq. Mən bunu çoxdan bilirdim. Bu xüsusda mən heç bir şey bilmirəm. Bilirsənsə, gəl söylə. Mən sənin fikrini bilmək istərdim.
// Hər hansı bir sahədə xüsusi biliyi, səriştəsi olmaq, yaxşı bələd olmaq. Ədəbiyyatı yaxşı bilmək. Bir neçə dil bilmək. Maşını yaxşı bilmək.
2. Öyrənmək, xəbər tutmaq, məlumat almaq. Onun adını indicə bildim. Sizin gəldiyinizi təzəcə bilmişəm.
3. Başa düşmək, dərk etmək, aydın təsəvvür etmək. Mən bilirəm ki, bu iş baş tutmayacaq.
// Sezmək, duymaq, hiss etmək, anlamaq. Mən o saat bildim ki, o nəyi nəzərdə tutur.
4. Tanımaq. Adamları bilmək olmur.
5. Əlindən gəlmək, təsəvvürü olmaq, bacarmaq. Dülgərlik işini bilmək. Öz işini yaxşı bilmək. O, bir neçə sənət bilir. Mən çalğı çala bilirəm.
6. Özü üçün aydın etmək, müəyyən etmək, öyrənmək.
7. Riayət etmək, yerinə yetirmək, hesablaşmaq, kənar çıxmamaq. Öz yerini bilmək. Vəzifəni yaxşı bil! Adam danışanda həddini bilər.
8. Xatırlamaq, yada salmaq. İndi bildim ki, o kimlərdəndir. Bilmədim ki, sizə nə vaxt gəlmişdim.
9. Zənn etmək, güman etmək. Mən elə bildim ki, siz getmişsiniz.
10. Hesab etmək, zənn etmək, saymaq.
// dan. Şübhələnmək, isnad vermək, görmək. Mən bu işi ondan bilirəm.
11. Yardımçı feil kimi iltizam fellərinin axırına gətirilərək, feilin bacarıq forması düzəldilir, məs.: dura bilmək, qaça bilmək, yaza bilmək və i. a.
12. Bilirsən (bilirsiniz), bilsən(iz) (ara söz mənasında) – müsahibin diqqətini əsas mətləbə cəlb etmək üçün işlənir.
13. İnkar şəklində: bilməmək – bir sıra sözlərə qoşularaq, həmin sözlərin ifadə etdiyi şeyin, keyfiyyətin, halın mövcud olmadığını bildirir; məs.: yuxu bilməmək (heç yatmamaq), istirahət bilməmək (heç istirahət etməmək), basılmaq bilməmək (heç basılmamaq) və i.a.
◊ Bildiyindən qalmamaq – təkid və israr etmək, inad etmək, bildiyindən əl çəkməmək, öz bildiyini etmək. Sənə söz deyilir, amma sən bildiyindən qalmırsan.
Mən biləsi, mən bilən(i) – məncə, mənim fikrimcə, mənim zənnimcə.
Kim bilir (ara söz) – məlum deyil. Kim bilir, maşın nə vaxt gələcək.
Özü bilər – nə istəyir, elə də etsin, ixtiyar özündədir, öz hərəkətində sərbəstdir.