Boksçular üsyanı
Boksçu üsyanı və ya İxetuan hərəkatı — Çində 1899-1901-ci illər arasında, Tzin sülaləsinin sonlarına doğru Saleh və Harmonik Yumruqlar Cəmiyyəti ( Yìhéquán ) tərəfindən qaldırılan xarici müdaxilə, müstəmləkəçilik və xristianlıq əleyhinə üsyan. Üsyançılar ingiliscə "Boxers" ("Boksçular") kimi tanınırdılar, çünki onun bir çox üzvləri o vaxtlar "Çin boksu" adlandırılan Çin döyüş sənətləri ilə məşğul olurdular.
1895-ci il Çin-Yapon müharibəsindən sonra Şimali Çindəki kəndlilər xarici təsir dairələrinin ekspansiyasından qorxurdular və öz ardıcıllarını qorumaq üçün onlardan istifadə edən xristian missionerlərin imtiyazlarının genişləndirilməsindən narazı idilər. 1898-ci ildə Şimali Çində bir sıra təbii fəlakətlər, o cümlədən Huanhe çayında daşqınlar və quraqlıqlar yaşandı, boksçular bunu xarici təsir və xristianların təsiri ilə əlaqələndirdilər. 1899-cu ildən başlayaraq, boksçular Şantun və Şimali Çin düzənliyində zorakılıq yaydılar: dəmir yolları kimi xarici mülkləri məhv edir, xristian missionerlərə və Çin xristianlarına hücumlar edir və ya onları öldürürdülər. Hadisələr öz kulminasiyasına 1900-cü ilin iyununda xarici silahlara qarşı toxunulmaz olduqlarına əmin olan Boksçu döyüşçüləri "Tzin hökumətini dəstəkləyin və xariciləri məhv edin" şüarı ilə Pekinə toplaşdıqda zirvəyə çatdı.
Diplomatlar, missionerlər, əsgərlər və bəzi çinli xristianlar diplomatik nümayəndəlik məhəlləsinə sığındılar. Amerika, Avstriya-Macarıstan, İngilis, Fransız, Alman, İtalyan, Yapon və Rus qoşunlarından ibarət Səkkiz millət Alyansı mühasirəni aradan qaldırmaq üçün Çinin üzərinə hərəkət etməyə başladı və iyunun 17-də Tyantszindəki Daqu qalasına hücum etdi. Əvvəlcə tərəddüd edən imperator Tsısi, indi boksçuları dəstəklədi və 21 iyunda işğalçı güclərə müharibə elan edən İmperator fərmanı verdi. Çin rəsmiliyi Boksçuları dəstəkləyənlər və Şahzadə Tsinin başçılıq etdiyi barışıq tərəfdarları arasında bölündü.