Dağlıq Qarabağ atəşkəs bəyanatı (2020)
Qarabağ atəşkəs bəyanatı (Rəsmən: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı) — İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı.
Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir.
== Zəmin ==
İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli və ani irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi. Oktaybr ayının 1-də ATƏT-in Minsk qrupunda həmsədr olaraq təmsil olunan ölkələrin (Rusiya, Fransa və ABŞ) dövlət başçıları tərəfindən bu qəbildən olan çağırışla münaqişə tərəflərinə müraciət qəbul edildi.
10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı.
18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu.
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə 19–20 oktyabr tarixlərində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı.
22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı.