Qarabağ atəşkəs bəyanatı (Rəsmən: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı[1]) — İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı.
Qarabağ atəşkəs bəyanatı | |
---|---|
Azərbaycan Respublikasının prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının prezidentinin bəyanatı | |
| |
Müqavilənin tipi | atəşkəs |
İmzalanma tarixi | 9 noyabr 2020 |
İmzalanma yeri | |
Qüvvəyə minməsi | 10 noyabr 2020 |
İmzalayanlar |
İlham Əliyev Nikol Paşinyan Vladimir Putin |
Tərəflər |
Azərbaycan Ermənistan |
Dili | rus dili |
Vikianbarda əlaqəli mediafayllar |
Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev,[2] Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan[3] və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin[4] tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır.[5] Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir.
İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli və ani irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi. Oktaybr ayının 1-də ATƏT-in Minsk qrupunda həmsədr olaraq təmsil olunan ölkələrin (Rusiya, Fransa və ABŞ) dövlət başçıları tərəfindən bu qəbildən olan çağırışla münaqişə tərəflərinə müraciət qəbul edildi.[6]
10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı.[7]
18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu.[8]
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə 19–20 oktyabr tarixlərində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı.[9]
22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı.[10] Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev isə Paşinyanın bəyanatını "məsuliyyətsiz" adlandıraraq, sözügedən fikirlərin Vaşinqtonda baş tutuacaq görüşlərdən əvvəl ifadə edildiyinə diqqət çəkdi.[10]
Azərbaycan və Ermənistan xarici işlər nazirləri 23 oktyabrda ABŞ dövlət katibi Mayk Pompeo ilə, 24 oktyabrda isə dövlət katibinin müavini Stefen Biqanla görüşdülər.[11][12] Tərəflər 25 oktyabrda birgə bəyanatla çıxış edərək, 26 oktyabr saat 8:00-dan etibarən başlanacaq humanitar atəşkəsə dair razılaşdırdıqlarını bildirdilər.[12] Hadisədən sonra ABŞ prezident Donald Tramp özünün rəsmi Twitter və Facebook səhifələrində paylaşım edərək Azərbaycan və Ermənistan dövlət başçılarını təbrik etdi.[12]
10 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev,[2] Ermənistanın baş naziri Nikol Paşinyan[3] və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin[4] tərəfindən Ermənistanın təslim olmasınının ardınca videokonfrans formatında üçtərəfli atəşkəs bəyanat imzalanmışdır.[5]
10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalanır. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir.
10 noyabr 2020-ci il tarixində yayımlanan ilk bəyanatın mətni (son versiyadan olan fərqlər qalın hərflərlə yazılıb.):
Bəyanatın 6-cı maddəsinə əsasən Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonununu Azərbaycan Respublikasına qaytarmalı olur. Lakin 15 noyabr tarixində bu müddətin daha 10 gün uzadıldığı məlum olur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev brifinqdəki çıxışı zamanı Ermənistanın tərəfinin müraciəti ilə Kəlbəcərlə bağlı əlavə 10 gün vaxt verilib.[13] Bundan bir gün öncə isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı baş tutur.[14]
Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko sözlərinə görə rus qoşunları Vəngdə iki post yerləşdirəcəklər. Postlardan biri ərazinin girişində, digəri isə Xudavəng monastrının özündə olacaqdır.[15]
2020-ci ilin 26 noyabrında işğaldan azad olunmuş Xocavənd rayonunun Sor kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanır.[16] 8 dekabrda Hadrud kəndi yaxınlığında bir əsgər şəhid oldu və bir Azercell əməkdaşı isə rabitə və ötürmə avadanlığı quraşdırarkən ağır yaralanmışdır.[16]
Dekabrın 10-da Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənən erməni terrorçuları Azərbaycan ordusunun əsgərlərinə və mülki şəxslərə hücum etdilər. Nəticədə insanlar öldürülür və yaralanır.[17] Bundan sonra rus sülhməramlıları kəndlərə daxil olur. Rus sülhməramlıları kəndlərə nəzarət etməyə başlayır. Bu 10 noyabrda imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatı ilk maddəsini pozur.[17]
2020-ci ilin 27 dekabr saat 15.30 radələrində Xocavənd rayonunun Ağdam kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan Silahlı Qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə Azərbaycan Ordusunun bir nəfər hərbi qulluqçusu şəhid olmuş, daha bir əsgər isə yaralanmışdır. Cavab tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilmişdir.[18]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 9 yanvar 2021-ci il tarixli bəyanatı ilə bağlı mətbuata məlumat verib. Məlumatda "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin həyata keçirdikləri birgə əməliyyat nəticəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilmiş 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib" deyə vurğulanır. Azərbaycan hüuqu mühafizə orqanlarının verdiyi məlumata görə istintaq zamanı erməni terrorçu-diversiya qrupunun üzvləri 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra Azərbaycan ərazilərinə göndəriliblər.[19]
10 noyabr tarixində Rusiya Federasiyası Prezidentinin saytında yayımlanan bəyanatın mətnində Paşinyan tərəfindən əvvəllər sitat gətirilən bəyanatda yer alan Azərbaycanın Qazax rayonundakı erməni qüvvələri tərəfindən işğal olunan ərazilərin Azərbaycana təhvil verilməsi ilə bağlı ifadə yoxdur. Ayrıca erməni tərəfinin Laçın dəhlizini nəzarətdə saxlaması ifadəsi orijinal versiyasından çıxarılır, bunun əvəzinə Laçın dəhlizi sülhməramlı qüvvələrin nəzarəti altına keçir kimi yazılmışdır. Üçüncü dəyişiklik Naxçıvan və Azərbaycanın qərb bölgələri arasında nəqliyyat əlaqələrindəki ifadələrə aiddir. Son versiyada isə yalnız Ermənistandan gələn təhlükəsizlik zəmanətlərindən bəhs edilir. Orijinal versiya isə bəzi erməni siyasətçiləri tərəfindən Naxçıvana nəqliyyat dəhlizinə xüsusi (əslində, xarici ərazi) status verilmək kimi yozulur. Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov diqqəti Kremlin veb saytında dərc olunan versiyaya yönəltməyə çağırmışdır.[20][21]