f. 1. Şiddətlənmək, çox güclənmək, gurlamaq, tüğyan etmək; daşmaq, kükrəmək (təbiət hadisələri haqqında). Tufan getdikcə coşur. Dəniz coşmuşdu.
– Bu çaylar coşar indi; Qaynayıb daşar indi; Gözüm dağlarda qalıb; Yar gəlib aşar indi. (Bayatı).
Kükrəsin şəlalə; Coşsun, çağlasın; Dağların ərköyün balasıdır o. N.Xəzri.
…Dəniz Ümidin xəyalları kimi coşub çaxnaşırdı. B.Bayramov.
// məc. Qızışmaq, qaynamaq, cuşa gəlmək.
…Məhəbbət coşdu, məni bürüdü, “Ruqiyyə, Ruqiyyə” dedirtdi. A.Divanbəyoğlu.
[Qubernator:] İnsan qan yığdıqca coşar, qan verdikcə susar. C.Cabbarlı.
2. məc. Özündən çıxmaq, hirslənmək, qızışmaq, qəzəblənmək. Coşub, qabağını saxlamaq mümkün deyil.
Niyə belə coşmusan? – Tahir istər-istəməz təmkinini pozaraq coşdu. S.Rəhimov.
[Usta:] Ay arvad, ay Gülpəri, coşma görək, axır nə olub ki? M.Hüseyn.