Cümşüd Malıbəyli
Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.
== Həyat və yaradıcılığı ==
Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu.
Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir.
Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur.
Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.