Moskva danışıqları (1939)
Moskva danışıqları — SSRİ, Böyük Britaniya və Fransa arasında qarşılıqlı yardım haqqında müqavilə bağlamaq barədə danışıqlar; Münhen sazişindən (1938) sonra dünya müharibəsi təhlükəsinin artması şəraitində aparılmışdır (aprel-avqust).
Sovet hökuməti hələ 1939-cu il martın 18-də — gələcəkdə faşist təcavüzünün qarşısını almaq tədbirlərini nəzərdən keçirmək məqsədi ilə SSRİ, Böyük Britaniya, Fransa, Polşa, Rumıniya və Türkiyə nümayəndələrinin konfransını çağırmaq təklifini irəli sürmüşdü. Lakin İngiltərə bu əməli çağırışı rədd edərək aprelin 14-də Sovet hökumətinə təklif etdi ki, Şərqi Avropanın onunla qonşu dövlətlərinə hücum etməmək barədə birtərəfli qaydada təminat versin. Aprelin 17-də Sovet hökuməti İngiltərə, Fransa və SSRİ arasında qarşılıqlı yardım barədə müqavilə (Sovet hökuməti müqavilənin layihəsini iyunun 2-də təqdim etdi) və hərbi konvensiya bağlanmasını nəzərdə tutan yeni təklif irəli sürdü. Sovet təklifinin həyata keçirilməsi faşist Almaniyasının təcavüzü qarşısında möhkəm sədd yaradılmasına imkan verərdi. İngiltərə-Fransa tərəfinin mövqeyi üzündən uzun sürən siyasi danışıqlar konkret nəticə vermədi. Sovet tərəfi danışıqlara işgüzar xarakter vermək arzusu ilə, iyulun 23-də siyasi danışıqların başa çatmasını gözləmədən hərbi konvensiya bağlamaq məqsədi ilə üç dövlət arasında danışıqlara başlamağı təklif etdi. Lakin İngiltərə və Fransanın avqustun 11-də Moskvaya gəlmiş və ikinci dərəcəli şəxslərdən ibarət hərbi nümayəndəlikləri faşist təcavüzünə qarşı birgə mübarizə tədbirlərinə dair Sovet hökumətinin əməli təkliflərini cavabsız qoydu. Polşa, Latviya, Litva, Estoniya və Finlandiyanın mürtəce hökumətləri də Almaniya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə SSRİ ilə əməkdaşlıq etməkdən imtina etdilər. Moskva danışıqları ilə yanaşı, İngiltərə hakim dairələri xəyanətkar yol tutaraq SSRİ-yə qarşı sazişə gəlmək məqsədi güdərək Hitler Almaniyası ilə gizli danışıqlar aparırdı (bax: London danışıqları (1939)).