Bayan (Daşkəsən)
Bayan (erm. Բանանց)— Azərbaycan Respublikasının Daşkəsən rayonunun Bayan kənd inzibati ərazi dairəsində kənd. 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Bayan kənd inzibati ərazi dairəsi tərkibindəki Bayan kəndinin ərazisindən 11,57 ha (bundan dövlət mülkiyyətində olan 0,8 ha, bələdiyyə mülkiyyətində olan 2,57 ha və xüsusi mülkiyyətdə olan 8,2 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir.
== Toponimikası ==
Toponimiyada bu söz çox vaxt türk dillərindəki bayan (qadın, xanım, varlı, dövlətli, zəngin) sözü ilə açıqlanılır. Lakin nəzərə almaq lazımdır ki, qədim abidələrin dilində baya (müasir Azərbaycan dilində "bayaq") sözü də işlənmişdir ki, bu da "əvvəlki, keçmiş, yaxın keçmiş" mənasını ifadə etmişdir. Bundan başqa, həmin sözün bayın variantı da işlənməkdədir. Qədim lüğətlərdə bayın "al qırmızı gül növü" kimi izah edilir. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, bayan komponentli toponimlər qaraqalpaq, uyğur və qırğız xalqlarının tərkibindəki bayan adlanan türk qəbiləsinin adı ilə bağlıdır. Monqolustanda Bayan-Tümen, Bayan-Uleqey, Bayan-Xara, Bayan-Xonqor, Cənubi Azərbaycanda Bayan, Bayandaş, Buryat toponimiyasında Bayanqol və s. coğrafi adlar qeydə alınmışdır.