Devranlar
Devran (dövran) xalq arasında aşıq məclisinə verilən addır. Söyləyicilərin verdiyi məlumata görə, keçən əsrin 80-ci illərinə qədər kəndlərə aşıqlar gələr və devranlar keçirərdilər. Aşıq hər kəsin evinə deyil, kimin evi geniş idisə, ora düşərdi və kəndə xəbər yayılardı ki, axşam filankəsin evində devran keçiriləcək. Camaat axşam mal-qaranı tövləyə saldıqdan və yeməyini yedikdən sonra ora yığışardı. Damı işıqlandırmaq üçün sütunlardan çıraqlar asardılar. Aşıq devrana başlamazdan əvvəl bildiyi dastanları sayar və camaatdan hansı dastanı istədiklərini soruşardı. Camaat hansı dastanı desəydi, onu da danışardı. Belə məclislər gecəyarısına qədər davam edərdi, aşıq dastanı tamamlaya bilmədikə, onun davamını səhərə saxlayardı.
Aşıqların keçən əsrin səksəninci illərinə qədər kəndlərə gəlib devran keçirdiyini kənd sakinləri də vurğulayırlar. Məsələn, Bərdə rayonunun Seyid Yusifli kəndinə bərdəli Aşıq İsmayıl, Aşıq Zeynal gələrmiş.