Dialoq
Dialóq (yun. διάλογος – danışıq, söhbət) – dilçilikdə: fikir-replikaların müntəzəm mübadiləsindən ibarət nitq forması; danışanların nitqinin bilavasitə anlaşılması replikaların dil tərkibinə qarşılıqlı təsir göstərir. Dialoq üçün məzmun əlaqəsi (sual-cavab, xəbər-aydınlaşdırma, /əlavə/, etiraz, /razılıq/, dəyərləndirmə; nitq etiketi formulları) və onun stimullaşdırdığı replikaların konstruktiv (leksik-qrammatik) əlaqəsi tipikdir: “Sən harada idin?” – “İşdə ləngidim”. Bu cür əlaqələrin yoxluğu danışanın nitqə deyil, nitqin gerçəkləşdiyi vəziyyətə reaksiyası zamanı (“Harada idin?” – “Qapıdan çəkil, soyuqlayarsan”) və ya müəyyən nitq aktı ilə heç bir əlaqəsi olmayan şəraitdə mümkündür.
Dialoq dil ünsiyyətinin ilkin formasıdır. Genetik olaraq şifahi ifadə vasitələrinin qənaəti prinsipi ilə səciyyələnən şifahi danışıq sahəsinə aiddir.
Bədii ədəbiyyatda dialoq şəklində nitqin ifadəsi zamanı situasiya rolunu müəllif şərhləri (remarkalar) oynayır. Dialoqun dil və üslubi xüsusiyyətləri yazıçının fərdi üslubuna və janrın normalarına uyğun olur. Dialoqun köməyilə təkcə danışıq nitqi üslublaşdırılmır. Dialoqun zahiri forması (replikaların növbələşməsi), onlarda canlı Dialoq nitqinin tipoloji əlamətlərinin çox hissəsi olmasa da, fəlsəfi-publisistik janr üçün səciyyəvidir (məs., Platonun, Q.Qalileyin dialoqları və “dəyirmi masa” arxasında müasir müzakirələr, müsahibələr, söhbətlər və s.).