sif. 1. İçərisi boş olmayan, ağzına qədər bir şeylə doldurulmuş, ya dolmuş. Dolu şüşə. Dolu qab. Dolu hovuz.
– Günlərimiz keçəydi qızğın fərəhlər kimi; Dolu qədəhlər kimi. M.Müşfiq.
Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı. Mir Cəlal.
İri ocaqlar üstündə dolu qazanlar buğlanır… M.Rzaquluzadə.
2. Bir şeyin çoxluğunu, bolluğunu bildirir. Tamaşaçılarla dolu zal. Mağazalar malla doludur. Bazar meyvə ilə doludur.
– Küçə ilə bir gün keçərkən mat və məəttəl qaldım: bir böyük imarət kəndli qadınları ilə ləbələb dolu idi. C.Məmmədquluzadə.
Evi hər gün axşamadək onun yanına ziyarətə gələnlərlə dolu olur. Ə.Haqverdiyev.
Barjın göyərtəsi yükdaşıyan adamlarla dolu idi. M.Rzaquluzadə.
3. məc. Bir şeyin güclü təzahürünü bildirir.
Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir. A.Şaiq.
Evi dərin bir maraq ilə dolu sükut bürümüşdü. H.Nəzərli.
// Eyni mənada hissiyyat haqqında.
[Qızının] hərgünkü bu təlaş dolu sualını oxumağa ana vərdiş etmişdi. Ə.Məmmədxanlı.
4. Dolğun, bir qədər kök, ətli-canlı.
[Sadığın] boyu ucadır, mənim boyum alçaqdı, amma mən ondan doluyam. C.Məmmədquluzadə.
[Ağca xanımın] dolu sifəti çəyirdək kimi qurumuşdu. Mir Cəlal.
Gülara xanım qırxqırx iki yaşlarında, ağsifət, dolu bir qadın idi. S.Rəhman.
5. Barıt, güllə, patron və s. qoyulub atılmağa hazırlanmış. Dolu tüfəng.
– Ayağa çəkilmiş dolu avtomatı boşaltmaq olmazdı. M.İbrahimov.
[Mollayev] yatanda balışının altında həmişə dolu tapança saxlayırdı. M.Hüseyn.
6. Dənələri çoxlu, şirəli və sıx olan. Dolu sünbül.
– Fazilov dolu və şüşə kimi şəffaf bir salxım götürüb … o yan-bu yana çevirdi. Mir Cəlal.
7. zərf Dərindən.
[Tapdıq] dolu bir nəfəs alıb müəllimə tərəf baxdı. Ə.Vəliyev.