Ekzotik qayalar
Ekzotik qayalar təbii amillərin – günəşin, yağış və küləyin çökmə və maqmatik dəstəmlərin çıxışlarına fəal erozion təsirinin son məhsuludur. Bu proses nəticəsində müxtəlif kövrəkli süxurlar qeyri-bərabər dağılmaya məruz qalır və onların daha davamlı fraqmentləri çox vaxt ağlagəlməz dərəcədə qəribə görkəm alır. Ekzotik qayalar Azərbaycan Respublikasının bütün dağlıq-qırışıqlıq regionlarında, daha çoxu isə Naxçıvan diyarında, Talış dağlarında, Qobustanda, Cənub-Şərqi Qafqazda geniş təmsil olunmuşdur və onları əmələ gətirən süxurların yaşı paleozoydan başlamış müasir dövrə qədərdir.
== Üç qardaş daş kompozisiyası ==
Naxçıvan MR-də Əlincəçayın sol sahilində, Qızılca və Kirnə kəndlərinin arasında yerləşir. Orta eosen tuf-qumdaşlarına atmosfer amillərinin aşınma təsiri nəticəsində yaranmışdır.
== Qoşalaşmış Oğlan-Qız qayası ==
Naxçıvan MR-də Gilançayın sağ sahilində, Başkənddən cənubda eyniadlı yüksəkliyin zirvəsini təşkil edən, relyefdə ifadəli təsir bağışlayan orta eosenə aid aşınmış tuf-qumdaşlarının qalığı. Uzaqdan baxanda bir-birinə tərəf əyilmiş iki adamı xatırladır.
== "Sfinks" qayası ==
Naxçıvan MR-in cənub-şərqində, Nehrəm dərəsinin yamaclarında trias dolomitlərinin eroziya prosesinin təsirinə məruz qalması nəticəsində yaranmışdır.
== Göbələyəbənzər "Parağdaş" qaya qalığı ==
Naxçıvançayın yuxarı axarında, Mahmudoba kəndinin yaxınlığında orta eosen yaşlı tuf-qumdaşlı ayaq üstündə tuf-konqlomerat brekçiyasının qayması yerləşir.
== "Gəlinqaya" ==
Unus və Pəzmərə kəndlərini birləşdirən yoldan yuxarıda yerləşir və qadın fiqurunu xatırladan formada olub orta eosenin vulkanogen süxurlarından təşkil olunmuşdur.