Ağ ciyər emfizeması
Emfizem və ya ağciyər emfizeması ağciyər toxumasının elastikliyinin azalması nəticəsində havalılığının artması, ventilyasiyası və qan dövranının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyin adı yunan sözündən götürülüb ( q.yun. ἐμφυσάω - emphysao ) - irəli və geriyə üfürmək deməkdir. Ağciyər emfizemasına sərbəst olaraq çox az hallarda təsadüf olunur və ümumiyyətlə, xəstəliyin rastgəlmə tezliyi 4%-dən çoxdur.
== Səbəbləri ==
Bu xəstəlik, xronik destruktiv bronxit və bronxial astma ilə birlikdə hazırda ağciyərlərin xronik obstruktiv xəstəliklərinin tərkibindən biridir. Əksər hallarda bu xəstəliyin səbəbi siqaret çəkmə nəticəsində ağciyərin öz funksiyasını normal yerinə yetirə bilməməsi ilə bağlı olur. Ağciyər emfizeması ağciyərlərin kəskin və xroniki xəstəlikləri - bronxitlər, bronxial astma, xroniki pnevmoniya, ağciyərin peşə xəstəlikləri və s. nəticəsində baş verə bilər. Xəstəliyin inkişafında alveoldaxili təzyiqi yüksəldən amillər, ağciyər toxuması elastikliyinin yaşla əlaqədar dəyişmələri də böyük rol oynayır. Eləcə də zərərli ekoloji mühit, tozlu istehsalat şəraiti, anadangəlmə meyllik (leykosit mənşəli proteolitik fermentlərin təsiri, a1-antitripsinin çatışmazlığı) xəstəliyin inkişafını asanlaşdıran risk amilləri sırasına daxildir.