İkievli gicitkən
İkievli gicitkən (lat. Urtica dioica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gicitkənkimilər fəsiləsinin gicitkən cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 130 sm-ə qədər, gövdəsi düzduran, yandırıcı tüklərlə örtülü, əsasən tüklər buğumlarda sıxdır, sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları yumurtaşəkilli-ürəkşəkilli və yaxud uzunsov-neştərvaridir, sivri, kənarları uc hissəyə doğru əyilmiş mişarvari dişlidir, üst tərəfdən daha tünd, səpələnmiş yandırıcı tüklərlə örtülmüşdür. Yalancı zoğları 12 mm-ə qədər olub, sərbəstdir, uzunsovdur. Çiçək qrupu qoltuqdadır, süpürgəvari, yarpaq saplağından çox uzundur, tüklərlə sıx örtülüdür. İkievli bitkidir. May ayında çiçəkləyir, may-sentyabr aylarında meyvə verir.
== Azərbaycanda yayılması ==
Azərbaycanın bütün rayonlarında, ovalıqdan yuxarı dağ qurşağına qədər yayılmışdır.
== Yaşayış mühiti ==
Yaşayış yerlərinə yaxın, hasarların dibində, meşə kənarında, kəsilmiş meşələrdə, bağlarda, kolluqlarda, dağlarda lava dağılan yerlər üçün xarakterdir.