İltifat Məmmədov
İltifat Ağaverdi oğlu Məmmədov (20 iyul 1943, Qızılağac, Masallı rayonu – 13 may 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsinin birinci katibi (1989–1991), Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1985–1989), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı (1990–1995).
İltifat Ağaverdi oğlu Məmmədov 1943-cü ildə Masallı rayonunun Qızılağac kəndində müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə Qızılağac kənd orta məktəbini bitirmiş və 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. 1963–1966-cı ildə Sovet Ordusu sıralarında sıralarında hərbi xidmət keçdikdən sonra təhsilini davam etdirmiş, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirmişdir. Elə həmin ildə təyinatla rayonun Kalinovka kənd orta məktəbinə dil-ədəbiyyat müəllimi olaraq işləməyə göndərilmişdir.
Sonrakı illərdə Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsində işləməyə başlayan İltifat Məmmədov 1976–1977-ci illərdə buradakı siyasi maarif kabinetinin müdiri, 1977–1981-ci illərdə Təbliğat və təşviqat şöbəsinin müdiri, 1981–1983-cü illərdə isə Təşkilat-partiya işi şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1983–1985-ci illərdə Azərbaycan KP Masallı Rayon Komitəsinin ikinci katibi olmuş, 1985–1989-cu illərdə Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Həmin illərdə paralel olaraq Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1989–1991-ci illərdə Azərbaycan KP Masallı Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
İltifat Məmmədov 1976–1991-ci illərdə Masallı Rayon Sovetinin və Masallı Şəhər Sovetinin deputatı olmuş, 1990-cı ildə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmişdir.