Yelena Bulqakova
Yelena Sergeyevna Bulqakova (qız soy adı Nürenberq, birinci evlilikdə Nilova, ikinci evlilikdə Şilovskaya, rus. Еле́на Серге́евна Булга́кова; 21 oktyabr (2 noyabr) 1893, Riqa – 18 iyul 1970, Moskva) — rus yazıçısı və dramaturqu Mixail Bulqakovun üçüncü həyat yoldaşı, onun ədəbi irsinin qoruyucusu. “Master və Marqarita” romanında Marqarita obrazının əsas prototipi. Moskva İncəsənət Teatrının əməkdaşı, Vladimir Nemiroviç-Dançenkonun şəxsi katibi Olqa Bokşanskayanın kiçik bacısı.
Yelena Bulqakova 1893-cü il oktyabrın 21-də (2 noyabr) Riqada anadan olub. Onun anadan olduğu və uşaqlıq illərinin keçdiyi ev qorunub saxlanılıb (Fellinskaya küç., №1, 1930-cu illərdə nömrə 3-ə dəyişdirilmişdir). Onun atası, vəftiz olunmuş yəhudi Sergey Nurenberq (o, bu soyadı tez-tez Nürnberq kimi yazırdı) müəllim, sonra vergi müfəttişi, jurnalist olub və Riqa qəzetləri ilə əməkdaşlıq edib. Anası Aleksandra Aleksandrovna, qızlıq soyadı Qorskaya (1864-1956), pravoslav keşişinin qızı idi. Yelena Sergeyevanın bir bacısı Olqa (1891-1948) və iki qardaşı var idi - Aleksandr (1890-1964) və Konstantin (1895-1944).
Anasının təkidi ilə ailə üzvləri evdə ancaq rus dilində danışırdılar və birlikdə pravoslav kilsəsinə gedirdilər.