is. 1. Xeyir xəbər, şad xəbər, xoş xəbər, sevindirici söz; müjdə.
Bəndalının səsi həyətdə böyük nicat xəbəri, bir muştuluq kimi səsləndi. Mir Cəlal.
□ Muştuluğa getmək – xeyir xəbər aparmaq, şad xəbər vermək üçün getmək.
[Xanmurad:] Muştuluğa gedirəm. İ.Əfəndiyev.
2. Xeyir (şad) xəbər gətirənə verilən şey, bəxşiş.
…Bu hamıya məlumdur ki, birinin oğlu olanda xəbər gətirib muştuluq alırlar. C.Məmmədquluzadə.
Bilirsən ki, anandan muştuluq alım deyə; Mən özüm gedəcəyəm birbaş sizin şenliyə. Ə.Cəmil.
[Dərzi:] Padşah, muştuluğumu ver, balaca oğlun Məlikməmmədin yerini deyim. Çəmənzəminli.
◊ Muştuluğun borc olsun! – verilən xəbəri istehza ilə qarşıladıqda işlədilən ifadə.