Elnur Əhmədov (musiqiçi)
Elnur Əhmədov (Elnur Oruc oğlu Əhmədov; 13 may 1977, Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar artisti (2007).
== Həyatı ==
Elnur Əhmədov 1994-cü ildə A. Zeynallı adına Bakı Musiqi texnikumunu, 1998 və 2000-ci illərdə isə Bakı Musiqi Akademiyasının kamança ixtisası bitirib magistr dərəcəsi almış və ali təhsilə yiyələnmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının dosenti həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində müəllim vəzifəsində çalışır.
1999-cu ildən Azərbaycan Akedemik Opera və Balet teatrında yeganə kamança ifaçısı olaraq orkestr solisti vəzifəsində çalışır və çilli tamaşalarda muğam partiyalarını ifa edir. Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasını İstanbulda, Parisdə YUNESKO-nun səhnəsində, Qətərdə, İsveçrədə, Düşənbədə və başqa ölkələrdə Azərbaycan milli musiqisini və muğamını təmsil edir.
2001-ci ildə Strasburqda Azərbaycan Avropa Parlamentinə qəbul olunanda 2002-ci ildə Vaşinqtonda İpək yolu festivalında Amsterdamda Atlas ansamblı proyektində dünya musiqiçiləri ilə birlikdə çıxış etmişdir. 2003-cu ildə Səmərqənddə keçirilən Şərq Təranələri Beynəlxalq musiqi festivalında xalq artisti Zabit Nəbizadə ilə ikinci yerə layiq görülmüşdür. 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 1-ci muğam televiziya müsabiqəsində kamança ifaçısı olaraq bu layihədə iştirak etmişdir. Azərbaycanın xalq artisti Mənsum İbrahimov, xalq artisti Elçin Həşimov və əməkdar artist Kamran Kərimovla birlikdə Qarabağ muğam qrupu olaraq bir çox ölkələrdə ABŞ, İngiltərə, Fransa, Avstriya, Norveç, İsveçrə, Rusiya, Ukrayna, Belarusiya, Hollandiya, İran, Misir, Finlandiya, İsveç və başqa ölkələrdə konsert proqramı ilə çıxış etmişdir. Həmçinin 2011-ci ildə Danimarkanın Kopenhagen şəhərində Vomeks Beynəlxalq musiqi Festivalında iştirak etmişdir.