Məhbubə Hacıyeva
Məhbubə Hacıyeva (17 iyul 1958, Bakı) — yazıçı.
Hacıyeva Məhbubə Cəfər qızı 1958-ci il iyul ayının 17-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbi bitirmiş, elə həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olmuşdur. 1984 – 2008-ci illərdə Bakının 79 saylı orta məktəbində fransız dili müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri vəzifələrində işləmişdir. 1998 – 2001- ci illərdə Belçikanın “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatında çalışmışdır. Məktəb illərində tanınmış şair-publisist Teyyub Qurbanın təşkil etdiyi “Nonparel” – Gənc jurnalistlər dərnəyində fəal iştirak etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzetində müntəzəm hekayə və publisistik məqalələri dərc olunmuş, bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi çalışmışdır. Radionun məşhur “Bulaq” verilişində dəfələrlə bayatıları səsləndirilib və radionun “Qızıl fond”unda indiyədək qorunub saxlanılır.
Ailəlidir, iki övladı var.
Məhbubə Hacıyeva “Lahıc nağıllı dünyam” etnoqrafik kitabın, “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu”, “Taclı Bəyim”, “9 Sevdalı”, “Tay sırğa”, “Son mükafat”, "Zöhrə ulduzum" və 3 cildlik "Dövlətin açarı" romanlarının müəllifidir.