Nizamiyyə mədrəsəsi (Gəncə)
Nizamiyyə mədrəsəsi (Gəncə) — XII əsrə aid Böyük Səlcuq İmperiyasının vəziri Nizamülmülkün şərəfinə yaradılan «Nizamiyyə» mədrəsələrindən biri.
X əsrin 70-ci illərindən Arranda hökmranlıq edən Şəddadilər sülaləsinin paytaxtı Gəncə çox keçmədən Bərdəni geridə qoyaraq Arranın ən iri şəhərinə çevrilir. Böyük Səlcuqilərin üç ən böyük şəhəri (Mərv, Nişapur və İsfahan) ilə yanaşı Gəncə də böyük şəhərlər sırasına daxil olur. Lakin, XII əsrin I yarısında Gəncədə basqın və qarətlər şəhəri tamamilə dağıtmışdı. Buna baxmayaraq, şəhərin strateji mövqeyi, xüsusilə sənətkarlığın yüksək inkişafı eləcə də sultanın canişini Qara Sunqurun öz qoşunları ilə gəncəlilərə qoşulması şəhərin “əvvəlki gözəlliyinin” bərpa olunmasına imkan vermişdi. Əl-Bundariyə görə, zəlzələdən sonra şəhər “əvvəlkindən də yaxşı” tikilmişdi. Coğrafiyaşünas səyyah-tarixçi Yaqut əl-Həməvinin məlumatına görə, Azərbaycan şəhərlərində olan ərəb və fars dillərində zəngin kitab fondlarından biri də Gəncədə yerləşmişdi. Belə kitab fondları olan kitabxanalar bütün arzu edənlər üçün açıq olurdu. Bura gələnlər qiraət və kitabların üzünü köçürməklə məşğul olurdular. Kənardan gələnlərə mürəkkəb və qələm verirdilər, elmin müxtəlif sahələrində işləyən alimlər isə maaşla təmin olunurdu.