Bab
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur.
== Həyatının ilk dövrləri ==
Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi. Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir. Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.