Pərtəvniyal Sultan külliyəsi
Pərtəvniyal Sultan külliyəsi — İstanbulda XIX əsrə aid külliyə. Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdüləzizin anası Validə Pərtəvniyal Sultanın sifarişiylə inşa olunan külliyə məscid, məktəb, kitabxana, türbə, 6 ədəd çeşmə və 7 ədəd dükandan ibarətdir. 16 oktyabr 1868-ci ildə başlayan külliyə inşası 9 yanvar 1871-ci ildə tamamlanmışdır. Külliyəyə aid məscidin təməlləri isə saray münəcciminin təyin etdiyi uğurlu saata görə, 4 yanvar 1869-cu ildə — bazar ertəsi günü yerli saatla 16:15'də atılmışdır. Topqapı saray arxivində saxlanılan və 24 dəftərdən ibarət olan məsrəflər toplusunda bina əmini Hüseyn bəy və köməkçisi Hüsrəv bəyin, katibi Sami Əfəndinin, vəqf idarəçisi yəhudi Boqos bəyin, memarı erməni Sarkis Balyan və köməkçiləri Aqop, Bedros bəylərin adları çəkilir. Beləliklə, bir çox mənbədə adı çəkilən italyan memar Pietro Montani Əfəndinin külliyənin memarı olmadığı məlum olur.
Külliyənin banisi olan Validə Pərtəvniyal Sultan oğlunun taxtdan endirilməsi və öldürülməsindən xeyli sonra — 26 yanvar 1884-cü ildə vəfat etmiş və külliyəyə aid türbəyə dəfn edilmişdir. Bundan başqa türbədə nəvəsi Yusif İzzəddin Əfəndinin xanımı Çeşmi-ahu xanım, körpə yaşlarında vəfat edən oğlu Mehmed Bahəddin Əfəndi və qaynanası Məstarə xanım da dəfn edilmişdir. 1926–1929-cu illərdə tramvay yolunun genişləndirilməsi əsnasında türbə bir az geri çəkilmiş, 1958-ci ildə isə tamamilə dağıdılmışdır. Burada dəfn olunan cənazələr bir müddət Topqapı sarayında mühafizə edildikdən sonra Sultan Mahmud türbəsinə daşınaraq əri Sultan Mahmudun məzarı üzərinə dəfn edilmiş, ardından türbəsinin yenidən inşa edilməsiylə 1969-cu ildə ikinci dəfə yer dəyişdirmişdir.