Pərtəvniyal Sultan

Pərtəvniyal Sultan (1812, Valaxiya5 fevral 1883, Beşiktaş, İstanbul ili) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdüləzizin anası, Validə sultan.

Pərtəvniyal Sultan
Pərtəvniyal Sultan məscidi, Aksaray
Pərtəvniyal Sultan məscidi, Aksaray
25 iyun 1861 – 30 may 1876
ƏvvəlkiBəzmialəm Sultan
SonrakıŞövqəfza Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 1812
Doğum yeri Şimali Qafqaz
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Pərtəvniyal Sultan türbəsi, İstanbul
Həyat yoldaşı
Uşağı Sultan Əbdüləziz
Dini islam

Əslən çərkəz olub[1], bacısıyla birlikdə Osmanlı sarayında təlim-tərbiyə almışdır. Bacısı Hoşyar xanım Kavalalı İbrahim Paşayla evlənərək Qahirəyə göndərilmiş, Pərtəvniyal isə Sultan Mahmuda təqdim edilmişdir. Yeganə övladı olan Şahzadə Əbdüləzizi 7-8 fevral 1830 gecəsi dünyaya gətirməklə Sultan Mahmudun beşinci qadınəfəndiliyinə yüksəldi. Həmin ilin dekabrında bacısı Hoşyar xanımın da bir oğlu dünyaya gəlmiş, İsmayıl adlı bu oğul gələcəkdə Misir xədivi olaraq Osmanlılarla yaxın əlaqələr quracaqdır. 25 iyun 1861-ci ildə Sultan Əbdülməcidin vəfatı və oğlu Əbdüləzizin taxta çıxmasıyla Validə sultan ünvanı aldı. Sultan Əbdüləzizin üzərindəki güclü təsiri və nüfuzu səbəbilə, yaşadığı dövrdə “ümmül-cahan” olaraq anılmışdır.

Validə sultan illəri

[redaktə | mənbəni redaktə et]

Pərtəvniyal Sultan oğlu taxta çıxar-çıxmaz dövlət məsələlərinə qarışmağa başladı. Sultan Əbdüləzizin sədarətə gətirmək istədiyi Yusif Kamil Paşanı razı salmaq məqsədilə kəndxudası Hüseyn ağanı dəfələrlə paşanın yanına göndərdi. 1871-ci ildə sədrəzəm Mehmed Əmin Əli Paşanın ölümündən sonra sədarətə gətirilən Mahmud Nədim Paşa da validə sultanla birlikdə hərəkət etdi. Belə ki, yeni sədrəzəm bir tərəfdən sultan və anasının bitmək bilməyən istəklərini yerinə yetirir, digər tərəfdən isə onların ehtiraslarını daha da körükləyirdi. Ənənəyə uyğun olaraq, Mahmud Nədim Paşanın sələfinin bütün yaxın adamlarını vəzifədən uzaqlaşdırması nəticəsində bir çox dövlət vəzifəsi boşalmış, boşalan yerlərə təyinat ala bilmək üçün saraya, xüsusilə də validə sultana hədiyyələr göndərilmişdir. Cövdət Paşanın 18 gün davam edən Maraş sancaqbəyliyinin ardından anidən İstanbula qayıtması da məhz bu yolla alınan təyinatlardan biridir. Belə ki, bu səbəblə validə Pərtəvniyal Sultana təşəkkür məktubu, bir neçə gün sonra doğum günü olan Sultan Əbdüləzizə isə bununla bağlı təbriknamə və bir çox dəyərli hədiyyələr göndərmişdir. Bütün bu səyləri nəticəsiz qalmayan Cövdət Paşa Əvkaf nazirliyinə təyin edildi.[2] Mustafa Fazil Paşa nümunəsində olduğu kimi, validə Pərtəvniyal Sultanın bu müdaxilələri bəzən ölkə xaricinə qədər uzanırdı. Belə ki, paşanın qardaşı və Pərtəvniyal Sultanın doğma bacısı oğlu olan Misir xədivi İsmayıl Paşa, məhz xalası validə sultana və Sultan Əbdüləzizə dəyərli hədiyyələr təqdim edərək Misirdəki vərasət sistemini dəyişdirmiş və əyalət idarəsinin özündən sonra övladlarına keçməsini təmin etmişdir (28 may 1866). Beləcə, vərasət haqqı əlindən alınan və Parisə getməyə məcbur qalan Mustafa Fazil Paşa, Sultan Əbdüləzizə bir məktub göndərərək onu tənqid etmiş və burada padşaha qarşı müxalifətə başlamışdır. Ancaq validə Pərtəvniyal Sultanın yazdığı məktubla o əsnada Avropa səyahətində olan Sultan Əbdüləziz və Mustafa Fazil Paşa bir araya gəldi və paşa bağışlandı. Validə sultanın dövlət məsələlərinə müdaxiləsi əhali və dövlət adamları tərəfindən də bilindiyi üçün hər kəs bu kimi məsələlərlə bağlı yazdığı ərizə və müraciətləri padşaha yox, validə sultana göndərirdi.[3]

Validə sultanın müsrif bir insan olduğu məlumdur. Belə ki, Mahmud Nədim Paşa və onun davamçıları maliyə vəziyyətinin pis olmasına baxmayaraq xarici borclanmayla əldə etdikləri vəsaitləri padşaha və validə sultana təqdim edərək vəzifədə qalırdılar. Validə sultanın, şəxsi xəzinədarı Misirlizadə Boqos ağa vasitəsiylə apardığı alqı-satqı və xərcləmələr bir çox dəfə dövlət xəzinəsinə ödənmişdir. Boqos ağa məhz validə sultana olan yaxınlığından istifadə edərək müvafiq dövlət qurumlarının icazəsi olmadan aldığı məbləğlərə həddindən artıq faiz dərəcələri belə tədbiq edirdi. Maliyyə nazirliyinin dövlət məmurlarının maaşını ödəyə bilmədiyi belə bir dövrdə, validə sultan öz xərcləmələrini davam etdirirdi. Onun bu müsrifliyi Misir xədiv ailəsinə mənsub xanımlarla olan əlaqələrində üzə çıxırdı. Belə ki, 1865-ci ildə İstanbulun Fəriyə saraylarında qonaq edilən Misir xədivi İsmayıl Paşa ilə ailəsinə padşah və validə sultan tərəfindən təqdim edilən hədiyyələrin ümumi dəyəri 100 min lirəni aşmışdı.

Sonrakı illəri

[redaktə | mənbəni redaktə et]

Validə Pərtəvniyal Sultan nifrət etdiyi Hüseyn Avni Paşa və digər müxalif qüvvələr tərəfindən oğlunun taxtdan endirilməsinə və çox keçmədən qətlə yetirilməsinə şahid oldu. Bütün bu hadisələr əsnasında çətin günlər yaşadı. Oğlunun qan içində yatdığını görüb fəryad etdiyi əsnada, bir zabit hücum edərək sultanın sırğalarını və üzüyünü çəkib almışdır. Ardından mərhum Sultan Əbdülməcidin oğlu Nurəddin Əfəndinin ağalarından Nəcib ağa onu sürükləyərək yalın ayaq, yaşmaqsız və fəracəsiz halda Fəriyə sarayının önünə çıxardı. Bu təhqirlərdən sonra 38 gün boyunca mərhum padşahın hərəmiylə birlikdə Topqapı sarayında həbs edildi. Çərkəz Həsən hadisəsindən sonra bunun Sultan Murada qarşı bir çevriliş, Pərtəvniyal Sultanın isə bu çevrilişin təşkilatçısı olduğuna inanan müxalif qüvvələr onu yenidən Dolmabağça sarayına gətirərək burada otaq həbsinə aldılar. Ancaq çox keçmədən Sultan Muradın əmriylə Fəriyə sarayına göndərildi.

Dolmabağça sarayında yeni padşahın daşınması ilə bağlı aparılan təmizlik işləri əsnasında validə sultanın otağından çoxlu cadular çıxmış, yenə validə sultanın otağındakı dolablardan birində üzərində Murad adı yazılan və çoxlu iynələr batırılmış bir at kəlləsinin tapılması saray kənizləri tərəfindən danışılan bir əfsanə olmuşdur. Bu hadisələrdən sonra içinə qapanan Pərtəvniyal Sultan, Sultan Əbdülhəmidin taxta çıxmasıyla daha rahat yaşadı. Yeni padşahdan hörmət gördü və qalan ömrünü himayəsindəki gənc qızları yetişdirərək keçirdi. Sultan Əbdülhəmidin dördüncü xanımı Müşfiqə xanım və bacısı Fatma xanım da məhz Pərtəvniyal Sultanın yetirmələrindəndir. Sultan Əbdüləzizin taxtdan endirilməsi və qətlə yetirilməsiylə bağlı Sultan Əbdülhəmidin tələbiylə 1881-ci ilin iyununda Yıldız sarayında tədqiqat aparılması və nəticədə Mithat Paşayla tərəfdarlarının məhkum edilərək Taifə sürgün edilməsindən sonra Sultan Əbdülhəmidə təşəkkür məktubu göndərdi.[4][5] Pərtəvniyal Sultan 26 yanvar 1884-cü ildə vəfat etdi və Aksarayda inşa etdirdiyi məscidin (Pərtəvniyal Sultan külliyəsi) yanındakı türbəsinə dəfn edildi.

Xeyriyyə işləri

[redaktə | mənbəni redaktə et]

Validə Pərtəvniyal Sultan digər yandan böyük həcmli xeyir işləri görmüşdür. İstanbul, YenişəhərBursada olan ucsuz-bucaqsız əraziləri, ipək fabriki, təsərrüfat əraziləri, buxar gücüylə çalışan dəyirmanları və digər mülklərindən gələn gəlirlərin böyük hissəsi xeyir işlərə xərclənirdi.[6] 1875-ci ildə borc səbəbilə həbs edilən müsəlman, yəhudixristianlardan ibarət 89 nəfərin borcu məhz validə sultan tərəfindən ödənildi və bu şəxslər azadlığa buraxıldı. Davam edən maliyyə problemləri nəticəsində 1866-cı ilin avqustunda hökumət dövlət məmurlarının maaşlarını ödəyə bilməmiş, bu səbəblə validə sultan aylıq maaşı olan 5 min lirəni xəzinəyə geri qaytarmışdır. 5 sentyabr 1865-ci ildə İstanbulda çıxan və 7-8 min evlə 14 məscidi külə çevirən böyük yanğından sonra zərər dəymişlərə maddi yardım payladı. 1874-cü ildə baş verən quraqlıq və qıtlıq səbəbilə Anadolu əhalisinə göndərdiyi qida yardımıyla yanaşı, Krımdan gətirdiyi xüsusi cins öküzləri də yenə əyalətlərdəki təsərrüfat sahibi kəndlilərə payladı. Bundan başqa Qüdsdəki Qübbətüs-Səhra məscidi üçün Parisdən böyük bir çil-çıraq sifariş etmiş, Paris səfiri Əli Paşanın 50 sandığa yükləyib İstanbula göndərdiyi bu çil-çıraq Qüdsə aparılmışdır.

Validə Pərtəvniyal Sultanın ən önəmli əsəri Aksarayda daha öncə yanan Katib məscidinin yerinə inşa etdirdiyi və məscid, məktəb, səbil, türbədən ibarət külliyədir (Pərtəvniyal Sultan külliyəsi). Validə sultanın türbəsi 1926-1929-cu illərdə tramvay yolunun genişləndirilməsi əsnasında biraz geri çəkilmiş, 1958-ci ildə isə tamamilə dağıdılmışdır. Cənazəsi bir müddət Topqapı sarayında mühafizə edildikdən sonra Sultan Mahmud türbəsinə daşınaraq ərinin məzarı üzərinə dəfn edilmiş, ardından türbəsinin yenidən inşa edilməsiylə ikinci dəfə yer dəyişdirmişdir.

  • Pertevniyal Vâlide Sultan, Sergüzeştnâme, İÜ Ktp., İbnülemin, nr. 3310, vr. 172a-178b.
  • a.mlf., Tezâkir, II, 256-257; IV, tür.yer.
  • Mir’ât-ı Hakîkat, I, 35-36, 39, 93-94, 100.
  • Lutfî, Târih, X, XII, XIV, XV, tür.yer.
  • Tanışık, İstanbul Çeşmeleri, I, 234, 270-271, 278-279, 344-346.
  • Hasan Tahsin Okutan, Şebinkarahisar ve Civarı, Giresun 1949, s. 176.
  • Halûk Y. Şehsuvaroğlu, Sultan Aziz: Husûsî, Siyâsî Hayatı, Devri ve Ölümü, İstanbul 1949, s. 25, 89, 98, 101, 144.
  • Ayşe Osmanoğlu, Babam Abdülhamid, İstanbul 1960, s. 101-102.
  • Uluçay, Padişahların Kadınları, s. 124-126.
  • Günay Kut – Nimet Bayraktar, Yazma Eserlerde Vakıf Mühürleri, Ankara 1984, s. 60.
  • P. Hochut, “The Pious Foundation of Pertev Niyal-Remarks on the Steam Mill at Paşa Limanı (Üsküdar)”, Türkische Wirtschafts- und Sozialgeschichte (1071-1920): Akten des IV. Internationalen Kongresses, München 1986 (ed. G. Majer – R. Motika), Wiesbaden 1995, s. 129-135.
  • Necdet Sakaoğlu, “Pertevniyal Valide Sultan”, DBİst.A, VI, 245.
  • Tarkan Okçuoğlu, “Pertevniyal Valide Sultan Türbesi”, a.e., VI, 246.
  1. The Eastern Express, 30.01.1884, s. 53-54.
  2. Cevdet, Marûzât, s. 202, 204, 215, 227-229.
  3. BA, İrade-Dahiliye, nr. 101585
  4. İsmail Hakkı Uzunçarşılı, Midhat Paşa ve Yıldız Mahkemesi, Ankara 1967, s. 105, 107-108, 335-336.
  5. a.mlf., Midhat ve Rüştü Paşaların Tevkiflerine Dâir Vesikalar, Ankara 1987, s. 53-54.
  6. Dolmabahçe Sarayı Arşivi, Defter nr. 1818