Nevfidan Pərtəvpiyalə Qadınəfəndi (v. 27 dekabr 1855, İstanbul, Osmanlı imperiyası) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımlarından biri.[1][2]
Nevfidan Pərtəvpiyalə Qadınəfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 27 dekabr 1855 |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşaqları |
Fatma Sultan (1809) Fatma Sultan (1810-1825) Əminə Sultan (1813-1814) Şahzadə Osman (1813-1814) Əminə Sultan (1815-1816) Adilə Sultan (övladlıq) |
Ailəsi | Osmanlı xanədanı |
Həyatının ilk illəri haqqında yetərli məlumat olmasa da, Sultan Mahmudun taxta çıxmadan öncə hərəminə alındığı məlumdur. Belə ki, taxta çıxdıqdan 6 ay sonra 4 fevral 1809-cu ildə doğulan ilk övladı Fatma Sultan məhz Nevfidan Sultandan dünyaya gəlmişdi. Bu münasibətlə sədrəzəm Süvari Əli Paşaya fərman göndərildi və bir həftə boyunca paytaxtın fərqli yerlərində gündə üç dəfə top atıldı. Nevfidan Qadınəfəndiyə müxtəlif hədiyyələr təqdim olundu. Dövrün saray şairlərindən Əndərunlu Vasif ilk qızının doğumuyla bağlı aşağıdakı şeiri yazmışdır.
Tulu ettikde doldu kalbine Vasıf bu tam tarih
Salınsın Fatma Sultan-ı dilcu mehd-i iffetde. (H. zilhiccə 1223)
Ancaq bu ilk övladı hələ bir yaşı tamam olmadan 5 avqust 1809-cu ildə vəfat etdi. Ertəsi il - 30 aprel 1810-cu ildə dünyaya gələn qızına da Fatma adını qoyan Sultan Mahmud bu övladını da 15 yaşında ikən çiçək xəstəliyindən itirdi. 12 iyun 1813-cü ildə Şahzadə Osman və onun əkizi Əminə Sultanı dünyaya gətirən Nevfidan Qadınəfəndi bu övladlarını da yaşı tamam olmadan itirdi. Son övladını 1815-ci ildə dünyaya gətirən Nevfidan Qadınəfəndi, Əminə Sultan adlı bu övladını da Bəylərbəyi sarayında çıxan yanğında uşaq yaşlarında ikən itirdi.
Bütün övladlarının körpə və ya uşaq yaşlarında vəfat etməsinin ardından, Sultan Mahmudun qızlarından Adilə Sultanı övladlığa götürən Nevfidan Qadınəfəndi qalan ömrünü 4 yaşında anasız qalan bu qızcığazın təlim-tərbiyəsi ilə keçirdi.[3]
2 iyul 1839-cu ildə Sultan Mahmudun vəfatının ardından onun Bəzmialəm Sultandan doğulan oğlu Əbdülməcid taxta çıxarıldı. Mərhum sultanın baş qadınəfəndisi olan Bəzmialəm Sultan isə Validə Sultan elan edildi. Bu hadisənin ardından Sultan Əbdülməciddən icazə alaraq həcc ziyarətinə yollanan Nevfidan Qadınəfəndi, 1842-ci ildə ziyarətdən döndü və Hacə olaraq anılmağa başlandı. 1845-ci ildə analıq etdiyi Adilə Sultanı dövrün mühüm dövlət adamlarından Mehmed Əli Paşayla evləndirən Nevfidan Qadınəfəndi mərasimin ardından qızının Fındıqlıdakı sarayını tez-tez ziyarət etdi. Ögey övladları olan Sultan Əbdülməcid və Sultan Əbdüləziz tərəfindən tez-tez ziyarət edilən Nevfidan Qadınəfəndinin şərəfinə Sultan Əbdüləziz dövründə hazırlanan böyük bir gəmiyə Pərtəvpiyalə adı verildi.
Son illərini xeyriyyə işləriylə məşğul olan Nevfidan Qadınəfəndi İstanbul, Məkkə və Mədinədə bir çox xeyir işləri gördü. Olduqca dindar bir qadın olan Hacə Nevfidan Qadınəfəndi 27 dekabr 1855-ci ildə yaşadığı Bəylərbəyi səmtindəki Nafizpaşa köşkündə vəfat etdi.[4] Cənazəsi Sultan Mahmud türbəsinə - mərhum həyat yoldaşının yanına dəfn olundu.