Fermi paradoksu
Fermi paradoksu — Yerdənkənar sivilizasiyaların var olma ehtimalının çox yüksək olduğuna dair təxminlərin varlığı ilə bunu təsdiqləyəcək hər hansı bir dəlil ya da əlaqənin yoxluğu arasındakı ziddiyyəti ifadə edir.
== Fermi uyğunsuzluğu ==
Kainatın yaşının çoxluğu və çoxlu sayda ulduzun varlığı ilə birlikdə, həyat üçün Yerin tipik bir planet nümunəsi olduğu fərziyyəsi də göz önünə alındığında, Yerdən kənar həyatın geniş olması lazımdır. Bu mülahizəni 1950-ci ildə bir nahar əsnasında mübahisə edən fizik Enriko Fermi bu sualı soruşmuşdu: "Əgər Südyolu daxilində yüksək sayda Yerdən kənar sivilizasiya mövcuddursa, niyə yadplanetlilərə aid kosmos vasitələri və ya sondalar kimi dəlillərə rast gəlmirik?" Mövzunun daha ətraflı araşdırıldığı müzakirələr Michael H. Hart-ın 1975-ci il tarixli bir məqaləsi ilə başladı. Bu səbəblə paradoks, zaman-zaman "Fermi-Hart" paradoksu olaraq da adlandırılmışdır. Mövzuyla əlaqəli bir başqa sual da Böyük Sükut olaraq bilinir: "Kosmosda səyahət çətin olsa belə, əgər Yer planeti xaricində həyat mümkündürsə, ən azından bu sivilizasiyalara aid radio siqnallarını eşitmək mümkün deyil mi ?!"
Fermi paradoksunu, Yerdən kənar həyatın var olduğuna dair dəlilləri tapmağa çalışaraq, ya da belə bir sivilizasiyanın insan təfəkkürünün xaricində var ola biləcəyini müdafiə edərək həll etməyi sınayanlar oldu. Bu işlərə qarşı çıxanlar isə, Yerdən kənar həyatın var olmadığını ya da insanların əsla əlaqə yarada bilməyəcəyi qədər nadir olduğunu müdafiə etdi.
Hartın məqaləsi ilə birlikdə, Yerdən kənar həyat haqqında elmi nəzəriyyələr və ola biləcək modellər çıxarmağa istiqamətli işlər üçün böyük səy göstərilməyə başladı. Bu işlərin çoxundaki nəzəri istinad nöqtəsi Fermi paradoksu oldu. Bu problemi birbaşa ələ alan bir çox elmi işlə yanaşı, problemlə əlaqədar müxtəlif sualların cavabları da astronomiya, biologiya, ekologiya və fəlsəfə kimi elmlərdə axtarıldı. Astrobiologiya sahəsinin ortaya çıxmasıyla birlikdə, Fermi paradoksu və Yerdən kənar həyatın varlığı sualı fənlərarası bir əlaqə yaratmağa başladı.