Əkinçi (partiya)
Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası.
Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi.
Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi.
1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi. Bu partiya sağ eserlərdən (Xalqçı Partiyası) fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyət Parlamentində inqilabi sosializm və sovet hakimiyyəti mövqeyində dururdu.