Milli Geoloji Kəşfiyyat Xidməti (Azərbaycan)
Milli Geoloji Kəşfiyyat Xidməti — Milli Geoloji Kəşfiyyat Xidməti sistemləşdirilmiş geoloji tədqiqatların (regional geoloji, geofiziki, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji) aparılmasını, perspektiv sahələrdə geoloji axtarış və geoloji-kəşfiyyat işlərinin yerinə yetirilməsini, mineral-xammal ehtiyatlarının və resurslarının hesablamasını, yerin dərinlik quruluşunun, seysmohidrogeodinamik şəraitinin, ekzogen geoloji proseslərin və digər təbiət hadisələrinin öyrənilməsini həyata keçirir.
Azərbaycan Respublikasının mövcud mineral-xammal bazasını strateji əhəmiyyətli faydalı qazıntı yataqları və eləcə də sənaye xammalları və tikinti materialları, mineral,süfrə,sənaye,termal su ehtiyatları hesabına genişləndirmək məqsədilə yer təkinin kompleks geoloji öyrənilməsi zamanı regional geoloji, hidrogeoloji, mühəndis-geoloji, geoekoloji və bu qəbildən olan digər məxsusi tədqiqatların planauyğun və məqsədyönlü aparılması tələb olunur. Hal-hazırkı dövrə qədər 1:50000 miqyaslı geoloji planalma işləri ilə ölkə ərazisinin xeyli hissəsi örtülmüşdür. Keçən əsrin ortalarından başlanan 1:50000 miqyaslı geoloji planalma işlərinin nəticəsində tərtib olunan geoloji və faydalı qazıntı yataqlarının yerləşmə qanunauyğunluqları xəritələrinin əksəriyyəti müasir dövrün tələblərinə tam cavab vermədiyi üçün onların daha da dəqiqləşdirilməsinə (yer səthinin aerokosmikfotoşəkillərinin məsafədən zondlaşdırılmasına, spektroqramlar vasitəsilə incələnən perspektiv sahələrin ərazi doğrulama çalışmaları vasitəsilə, gizli strukturların isə buruq qazma işləri vasitəsilə öyrənilməsinə) zərurət yaranmışdır. Son dövrlərdə geologiya elminin inkişaf aspektləri içərisində ən önəmli yer alan aerokosmik (TERRA, Aster və digər) fotoşəkillərin məsafədən incələnməsi üzrə tətbiq olunan kompüter proqramları (Arc.GİS, Arc View, Erdas İmagine, Pci Geomatica, Envi) vasitəsilə yer səthinin geoloji strukturunun öyrənilməsi, spektroqramlar əsasında minerallaşmış, hidrotermal dəyişmiş və digər (faydalı qazıntılara perspektiv) sahələrin müəyyənləşdirilməsi həyata keçirilir. Ərazi doğrulama çalışmaları (müvafiq miqyaslı geoloji marşrutların keçilməsi, dag-qazma, sınaqlaşdırma işlərinin aparılması) ilə müşayiət olunan bu tədqiqatlar vasitəsilə faydalı qazıntılara perspektiv olan sahələrin müəyyənləşdirilməsinə daha operativ surətdə nail olmaq mümkündür.
Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının son nəticəsi olan sənaye potensiallı filiz, qeyri filiz, inşaat materialları, su yataqlarının ehtiyatları dövlət qeydiyyatına alındıqdan sonra onların xalq təsərrüfatı dövriyyəsinə cəlb edilməsi, iqtisadiyyatın kəşf edilmiş və sənaye ehtiyatı təsdiq olunmuş mineral xammala və yeraltı sulara (şirin, mineral, termal, sənaye) tələbatının ödənilməsi zərurəti meydana çıxır.. Respublikamızda aşkar olunmuş filiz yataqları aşağıdakı mineral-xammal qruplarına ayrılır: dəmir və dəmir-ərinti materialları;əlvan metallar; nəcib metallar və radioaktiv metallar. Respublikamızda mövcud olan sənaye sahələrinin tələbatını ödəmək məqsədilə aşağıdakı istiqamətlərdə geoloji-tədqiqat işləri aparılmış və müvafiq xammal ehtiyatları qeydə alınmışdır: kükürd, barit, gips, anhidrit, gəc, bor, keramika xammalı, dolomit, maqnezium oksidi, serpentinit, seolit, bentonit gilləri, kvarsit, xörək duzu, daş kömür, qonur kömür, kömürlü süxurlar, yanar şistlər, mineral boyalar, flyus və soda üçün əhəngdaşı xammalı ,şüşə xammalı, vermikulit ,selitra, korbanat xammalı, əlvan daşlar, kaolin gilləri, fosforit, apatit.
Azərbaycan Respublikası ərazisində və eləcə də Abşeron yarımadası ərazisində ekzogen geoloji proseslərin öyrənilməsi, tədqiqi və monitorinqi işləri mütamadi olaraq davam etdirilir.