1. İçi xarab olmuş, ləpəsi quruyub yeyilməz hala düşmüş. Puç fındıq (qoz, badam).
2. məc. Boş, heç, fani, axırı olmayan.
Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan?
Həyatın mənası çalışmaqdadır; Əməksiz bir ömür puçdur, saxtadır.
□ Puç etmək (eyləmək) – məhv etmək, puça çıxarmaq, heç etmək, heçə çıxarmaq.
[Hacı Nuru şair:] Sənin atan usta Rəhman dəllək, ülgüc, bülöv ilə məqul dövlət qazandı, sənsə puç etdin.
Puç eylədin, övrət, bu gözəl, sadə insanı!
[Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir.
Puç olmaq – məhv olmaq, puça çıxmaq, heç olmaq.
Amma elə ki, [Əmiraslanın] var-yoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü.
[Şahmar:] Mənim arzularım, gör necə puç oldu, kül kimi göyə sovruldu!
Puça çıxarmaq – bax puç etmək.
Düşmənin məftil hasarını dağıtmaq, puça çıxarmaq vəzifəsini Fərhadın vzvoduna tapşırılmışdı.
Puça çıxmaq – bax puç olmaq.
Bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxır…
Şahpərinin ümidi də puça çıxdı.