Püre
Püre (fr. purée) — bişirilmiş, əzilmiş, qarışdırıcıdan və ya süzgəcdən keçirilmiş, xəmir və ya qatılaşdırılmış halda olan, əsasən meyvə, tərəvəz və ya paxlalı bitkilərdən hazırlanan yemək. Müəyyən ərzaqların püresinin xüsusi adları olur; məsələn, alma püresi və ya humus. Termin fransız mənşəlidir, qədim fransız dilində (XIII əsr) təmizlənmiş və ya rafinadlaşdırılmış deməkdir.
Püre digər yeməklərlə, məsələn, ağır şorbalar, kremlər və souslar ilə bənzər tərkibə malikdir, baxmayaraq ki, bu terminlər daha mürəkkəb reseptlər və bişirmə proseslərini ifadə edir. Kuli də ona oxşar olsa da, daha geniş termindir və daha çox meyvə püreleri üçün istifadə olunur. Püre termini ümumən un məhsullarından hazırlanan xəmir yeməklərinə (məsələn, lapa və müsli) və ya yağlı fındıq əzməsinə (məsələn, fıstıq əzməsi) münasibətdə istifadə edilmir. "Xəmir" termini çox zaman qida kimi qəbul edilməkdən çox inqrediyent kimi istifadə üçün nəzərdə tutulmuş pürelər üçün işlədilir.
Pürelər qarışdırıcı və ya kartofəzən vasitəsilə, eləcə də yeməyi süzgəcdən keçirtməklə və ya sadəcə qazanda əzməklə hazırlana bilər. Püre, dadını və görünüşünü yaxşılaşdırmaq, toksik maddələrdən təmizləmək və/və ya tərkibindəki suyun miqdarını azaltmaq məqsədilə, əzilməzdən əvvəl və ya sonra bişirilməlidir.