Azər Qasımlı
Azər Ağaqasım oğlu Qasımlı (31 mart 1975; Bakı şəhəri, Azərbaycan SSR) - azərbaycanlı ictimai-siyasi xadim, Respublikaçı Alternativ Hərəkatının sabiq sədr müavini, məclis başqanı, Partiya Təşkilat Komitəsinin koordinatoru və İdarə Heyətinin üzvü, Siyasi Menecment İnstitutunun təsisçisi, İdarə Heyətinin üzvü və sədri, siyasət elmləri üzrə fəlsəfə doktoru.
Azər Ağaqasım oğlu Qasımlı 1975-ci il martın 31-də Bakı şəhərində anadan olub. Atası Ağaqasım Qasımov geologiya üzrə elmlər namizədi, Azərbaycan Neft və Kimya İnstitutunun pedaqoqu, anası Şəfiqə Nəsrullayeva isə fioloq olub.
Azər Qasımlı 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Bədii sənaye bölməsinə daxil olmuşdur. İncəsənət adamı ola bilməyəcəyini anlayaraq bir il sonra, 1994-cü ildə Sosial İdarəetmə və Politologiya İnstitutuna imtahan vermişdir. 1998-ci ildə həm İncəsənət İnstitutundan, həm də Sosial İdarəetmə və Politologiya İnstitutundan (fərqlənmə diplomu ilə) məzun olmuşdur.
2000-ci ildə İzmirdə Egey Universitetinin Türk dili və ədəbiyyatı bölməsində bir illik proqramını tamamladıqdan sonra 2001-ci ildə İstanbulda Mərmərə Universitetinin Beynəlxalq münasibətlər və siyasi elmlər bölməsinə daxil olan Azər Qasımlı, burada Əhməd Davudoğlundan dərs almış, "Vətəndaşlığın və siyasi sığınacağın hüquqi və siyasi əsasları" mövzusunda dissertasiyanı müdafiə etmiş və nəticədə magistr dərəcəsinə yiyələnmişdir. Ardınca isə o, 2009-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda siyasi rejimin formalaşması” mövzusunda dissertasiya işini müdafiə etmiş və siyasət üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi almışdır.
Evlidir. 3 övladı var.