Mancuriya qozu
== Təbii yayılması: ==
Növün təbii arealı – Mancuriya (Şimali Çin), Uzaq Şərq və Koreya yarımadasıdır.
== Botaniki təsviri: ==
Mancuriya qozu yarpağı tökülən, birevli ağac və ya koldur.Hündürlüyü 25-30 m-ə çatan gövdəsi düz, şaxələnmiş və ya enli-yumru, zərif çətirlidir. Qabığı tünd boz, zoğları sarımtıl-qonur tükcüklüdür. Yarpaq saplaqlarının uzunluğu 5-20 sm-dir.Yarpaqları növbəli, mürəkkəb, cüt olmayan, lələkvari, uzunluğu 40-90 sm-dir.Yarpaqcıqları 7-19 ədəd, uzunsov-ellipsvari, uzunluğu 17 sm və eni 2-7 sm-dir. Yarpaq ayası dişli, ucu biz, tükcüklüdür. Çiçəkləri xırda, bircinsli, çiçəkləmə yarpaqları açıldıqdan sonra müşahidə edilir. Erkəkcik çiçəkləri uzun, sallaq sırğalarda, dişicik çiçəkləri 3-10 ədəd olmaqla zoğların uclarında yerləşir. Aprel-mayda çiçəkləyir. Meyvələri çəyirdəkvari, oval, yunan qozuna bənzəyir, ancaq xırda (2,5-7,5 sm) və çox qalın, yaşıl və ya qonur qabıqlıdır. Qozun nüvəsi kiçik ölçülü, yeməlidir.