Ömər Qoçulu
Ömər Qoçulu (azərb. Ömər Məmməd oğlu Ömərov; 24 yanvar 1943, Qoçulu, Bolnisi bələdiyyəsi) — Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının Rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan yazıçısı.
Ömər Qoçulu 1943-cü ildə Bolnisi rayonunun Qoçulu kəndində ziyalı ailəsində anadan olub. 1960-cı ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. 1967-ci ildə "Bakıda İdman-Konsert Kompleksi" diplom layihəsi "əla" qiymətləndirilmiş və gənc memar təyinatla "Azərdövlətsənayelayihə" İnstitutuna göndərilmişdir. Burada o, əsl sənət məktəbi keçərək zəngin təcrübə toplamış və bir sıra ciddi memarlıq layihələri hazırlamışdır. Bakı məişət kondisionerləri zavodu, Azərbaycan AES, Gəncə avtomobil zavodu, Bakı və Quba avtovağzalları, Bakı zərgərlik fabriki və digər obyektlərin layihələri həmin illərin məhsuludur.
Ömər Qoçulu 1970-ci ildə Azərbaycan Politexnik İnstitutuna müəllim dəvət olundu və burada öz bilik və təcrubəsini tələbə memarlara öyrətməyə çalışdı.
1973-cü ildə Ömər Qoçulu Layihə İnstitutuna qayıtdı və yenidən yaradıcılıq fəaliyyətinə başladı, Azərbaycan memarlıhına bir-birindən zəngin əsərlər bəxş etdi.
O, Borçalıda məşhur olan "Omarlar" nəslindəndir (Bu nəslin bir qolu da əsrin əvvəllərində Turkiyəyə keçmiş, "Qoçulu" soyadı ilə Qars və İstanbul bölgələrində məskunlaşmışdır.