Rəqsçi
Rəqs (ərəbcə: رقص) bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü.
Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur.
Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı".
Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.