İkram Səmidov
İkram Şirvan oğlu Səmidov (21 fevral 1991; Əlisoltanlı, Saatlı rayonu, Azərbaycan — 12 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İkram Səmidov 21 fevral 1991-ci ildə Saatlı rayonunun Əlisoltanlı kəndində dünyaya gəlmişdir. 1998-ci ildə Saatlı rayon M. Əliyev adına Əlisoltanlı kənd orta məktəbinin birinci sinifinə daxil olmuşdur. 2008-ci ildə həmin məktəbi bitirmiş və həmin ildə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə daxil olmuşdur. 2014-cü ildə kolleci "Elektrik stansiyaların elektrik avadanlıqlarının quraşdırılması" ixtisası üzrə bitirmişdir.
Kolleci bitirdikdən sonra İkram hərbi xidmətə yollanmışdır. Tərtər rayonunda hərbi xidmət müddətini davam etdirmişdir.
2020-ci ilin iyul ayında olan Tovuz döyüşlərindən sonra ölkədə səfərbərlik elan olundu və bu günə qədər mülki şəxs olaraq fəaliyyətini davam etdirən İkram Səmidov könüllü olaraq səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantısına çağırılmışdır
Azərbaycan Ordusunun əsgəri olan İkram Səmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.