Salxab Məmmədov
Səlhab (Salxab) İsa oğlu Məmmədov (4 yanvar 1943, Nuxa) — Azərbaycan rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2006).
Məmmədov Səlhab İsa oğlu 1943-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1962–1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil almışdır. Səlhab Məmmədovun yaradıcılığı Azərbaycan incəsənətinin 1970-ci illərdə formalaşmışdır. Rəssamın saxsı və metalda işlənən relyef kompozisiyalarından "Xoş gəlmisiniz!" (1969, Panno "İnturist" binasının ön tərəfindədir), "İnturist" binasının interyeri üçün hazırlanmış "Şərq motivləri" silsiləsi, metalda işlənmiş "Şərq melodiyası", "İçəri şəhər", "Qarabağ melodiyaları" kimi pannolar, "Bakı-Neft şəhəri" mövzusunda bir sıra rəsmlər və vitraj, "Naxçıvan" mehmanxanasının parlaq vitrajları, Qobustana həsr edilmiş 16 kompozisiya, "İçəri şəhər" dekorativ ləyən formasında plastik metal kompozisiya, Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan "Dostluq" relyefi, Azadlıq rəmzi" və digər əsərləri misal çəkmək olar. Almaniyanın Berlin şəhərində ucaldılmış "Xocalı" abidəsinin, Roma şəhərindəki "Villa Borghese" parkında ucaldılmış Nizami Gəncəvinin, Polşanın Qniezno şəhərində ucaldılmış "Dostluq" abidəsinin həmmüəlifidir. Səlhab Məmmədov "Təsviri incəsənətdə rəsm", "Rəsm sənəti" kimi maraqlı elmi əsərlərin müəllifidir.
Rəssam 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1982–1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur.
Səlhab Məmmədov 1989–1993-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim, 1993–1999-cu illərdə Dövlət İncəsənət Universitetinin dosenti, 1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Professoru, 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. S.Məmmədov dəfələrlə Azərbaycanda, Moskva, Peterburq şəhərləri kimi Rusiyanın mərkəzlərində və bəzi xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.