Mirzə Hüseyn xan Sipəhsalar
Mirzə Hüseyn xan Mirzə Nəbi xan oğlu Sipəhsalar və ya Müşirüddövlə (1836-1881) — İranın baş naziri, tərəqqipərvər dövlət xadimi
== Həyatı ==
Xalqın Mirzə Hüseyn xan tərəfindən başlanmış islahata bəslədiyi ümid boşa çıxdı. İslahata şərait yaratmaq məqsədilə Mirzə Hüseyn xanın 1873-cü ildə və ikinci dəfə 1878-ci ildə Avropa ölkələrinə səfəri, şahı və dövlət başçılarını Avropa mədəniyyəti və inkişafı ilə yaxından tanış etmək planı da müsbət nəticə vermədi.
Mirzə Hüseyn xan xarici siyasət sahəsində də müvəffəqiyyət qazana bilmədi. Çar və İngiltərə dövlətləri arasında rəqabət şiddətləndyi bir vaxtda Mirzə Hüseyn xan ingilis şirkətlərinə böyük imtiyazlar verməyi, onları İrana cəlb etməyi İranın inkişafı və istiqlalı üçün faydalı olacağını düşünürdü. 1881-ci ildə Mirzə Hüseyn xan dövlət dairələrindən və paytaxtdan uzaqlaşdırıldıqdan sonra onun başladığı islahata son qoyuldu. Abdullah Müstofi yazır ki, 1881-ci ildə Mirzə Hüseyn xan Məşhəddə həlak olduqda onun İranda mötədil monarxiya hökuməti yaratmaq arzusu da özü ilə birlikdə aradan qalxdı.
== Fəaliyyəti ==
Mirzə Hüseyn xan Müşirüddövlənin hakimiyyət başına gəldiyi vaxtadək dövlət işləri 16 nazirin iştirakı ilə təyin edilmiş məşvərətxana adlanan bir heyətin əlində idi. Hər hansı bir məsələ bu heyətdə müzakirə edilib, məsləhət görüldükdən sonra, şah onun icrasını istədiyi nazirə tapşırardı. Mirzə Hüseyn xan məşvərətxananı ləğv edərək, onun yerində 9 nazir və bir nəfər baş nazirdən ibarət Nazirlər Şurası Məclisi adlanan bir heyət təşkil etdi. Heyətin tərkibində olan nazirlər bütün işlərdə müştərək məsuliyyət daşıyır, hər nazir öz işində müstəqil olub baş nazirin qarşısında, baş nazir isə şahın qarşısında məsuliyyət daşıyırdı.