Mirzə Məhəmməd xan Əmir xan oğlu Dəvəli-Qacar (?-1867) — (Keşikçibaşı və Sipəhsalar olaraq tanınır) Qacarlar dövlətinin hərbi naziri, baş vəziri.
Mirzə Məhəmməd xan Sipəhsalar | |
---|---|
fars. میرزا محمدخان سپهسالار | |
1862 – 1867 | |
Əvvəlki | Mirzə Cəfər xan Müşirəddövlə |
Şəxsi məlumatlar | |
Doğum yeri | Astrabad, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | Sipəhsalar (ordu marşalı, ali baş komandan) |
Əmir xanın ikinci oğlu Məhəmməd xan Astrabad yörəsində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Qacar ordusunun sərkərdələrindən idi. Fətəli şah 1834-cu ildə vəfat etdikdən sonra 37 il Farsın hakimi olmuş oğlu Hüseynəli mirzə özünü şah elan edərək Hüseynəli şah adı ilə taxta əyləşdi. Adına xütbə oxutdu və sikkə kəsdirdi.
Məhəmməd şah Baş nazir Mirzə Əbülqasim Qaimməqamla məsləhətləşərək kiçik qardaşı Firuz mirzəni Mənücöhr xan Mötəmədüddövlə və bir neçə ingilis zabiti ilə iki qardaşı, Hüseynəli və Həsənəli mirzəni, əmilərini zərərsizləşdirmək üçün Şiraza yola saldı. Onlarla yola düşən zabit və ordu sərkərdələrindən biri də Mirzə Məhəmməd xan Dəvəli idi.
Məhəmməd xan 1852-ci ildə Baş Keşikçibaşı vəzifəsinə təyin olunmuş, Simnan və Damğan hökumətləri ona tapşırılmışdı.
Nasirəddin şah 1858-ci ildə dövlət işlərində bir sıra islahatlar apardı və 6 nazirlik yaratdı. Bu nazirliklər daxili işlər, xarici işlər, maliyyə, qoşun, ədliyyə, övqaf və təqaüd məsələlərinə baxırdı. Bu vaxta qədər dövlət Baş nazir tərəfindən idarə olunurdu. Baş nazir Ağa xan Nuri vəzifəsindən azad edildikdən sonra altı nazirlik və Məclisi-vüzəra yaradıldı. Altı nazirdən biri Mirzə Məhəmməd xan Keşikçibaşı oldu və həmin ildən etibarən, Sipəhsalar (ali baş komandan, ordu marşalı) titulunun aldı, hərbi nazir vəzifəsi ona tapşırıldı. O, eyni zamandsa Dövlət şurasının üzvü seçildi. 1864-cü ildə Gürganda türkmənlərin hücumunun qarşısı alındıqdan sonra bu əməliyyatda uğurlar qazanmış Mirzə Məhəmməd xan Dəvəli-Qacar, şah tərəfindən Sipəhsaları-əzəm tituluna layiq görüldü. O, ilk Sipəhsalari-əzəm və Hərbi nazirdir ki, hərbi geyimdə islahat işləri aparmışdır. Əvvəlki rəsmi geyimlər olan papaq, şal və cübbəni qızıl və ya gümüş tellə işlənmiş qısa libas və paqonlarla əvəz etmişdir.
Ağaməhəmməd şah Qacardan da əvvəl Qacariyyə mərkəzi elan edilmiş Damğan şəhəri həm də Fətəli şahın doğulduğu şəhərdir. Mirzə Məhəmməd xanın ata-babası da Damğan hakimi olmuşlar. Sipəhsalar da öz növbəsində Damğana himayədarlıq edirdi.
1864-cu ildə Məclisi-vüzəranın rəhbəri Mirzə Seyid Cəfər xan Müşirüddövlə vəfat etdikdən sonra Nasirəddin şahın təklifi ilə Sədr-əzəm Mirzə Məhəmməd xan onun əvəzinə seçildi. Onun sarayda olan rəqibləri bu xəbərdən narahat idilər və ona müxalif oldular. Mirzə Məhəmməd xanı Nasirəddin şahın həmsöhbəti (xəlvət) olduğu şəxslər sırasından uzaqlaşdırmağa, Məclisi-vüzəra sədrliyindən öz ərizəsi ilə əl çəkməyə nail oldular. Lakin bir müddət keçdikdən sonra o, şah tərəfindən əlavə vəzifələr aldı. Sipəhsalari-əzəm, hərbi nazir vəzifələrindən əlavə Xorasan, Sistan, Astrabad-Şahrud, Bistam, Damavənd, Firuzkuh və bir sıra şəhərlər ona tapşırıldı.
H. 1284-cü (1867/68) ildə Nasirəddin şah Məşhədə gəlmiş, orda Sipəhsalarla görüşmüşdü. Onun iki oğlu, Məhəmməd Mehdi xan və Hüseyn xan Nasirəddin şahın kürəkənləri idilər. O, kürəkəni şahın Məşhədə gəlişindən üç gün sonra vəfat etmişdir, onun zəhərləndiyi barədə şayiələr yayılmışdı. Güman edilir ki, onun bədxahları bu görüşdən sui-istifadə etmişdilər.
Mirzə Məhəmməd xan Sipəhsalar 1867-ci ildə vəfat edib.
Mirzə Məhəmməd xanın Əmir Mehdi xan, Məhəmmədnasir xan, Hüseyn xan adlı oğulları vardı.