İnqilab Kərimov
İnqilab Kərimov Saleh oğlu (4 aprel 1931, Göyçay rayonu – 22 iyul 2011) — teatrşünas, professor (1988).
İnqilab Kərimov 1931-ci il aprelin 4-də Göyçay şəhərində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra 1948-1953-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil almışdır. 1957-ci il noyabrın 25-dən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışan Kərimov burada kiçik elmi işçi, baş elmi işçi (1966-1985) olub. O, aspirantlıqdan şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1985-ci ildən ömrünün sonunadək institutun Teatr, kino və televiziya şöbəsində rəhbər vəzifəsini icra etmişdir.
İnqilab Kərimov 1963-cü ildə "Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin əvvəlləri)" adlı dissertasiyanı Moskvada müdafiə edərək sənətşünaslıq doktoru alimlik dərəcəsi alıb. 1988-ci ildə professor elmi adına layiq görülən İnqilab Kərimov 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
İnqilab Kərimov Azərbaycan teatrının tarixinə, teatr sənətinin müxtəlif problemlərinə, tənqidinə və nəzəri məsələlərinə həsr olunmuş yüzlərlə məqalənin, həmçinin 200-ə yaxın elmi əsərin, habelə 25 monoqrafiya və kitabın müəllifidir. Onun "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və teatr", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr", "Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam teatrı", "Azərbaycan teatrı 125" və s. əsərləri var.