İnqilab İsmayılov (24 fevral 1962, Xocalı, DQMV – 12 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.[1][2]
İnqilab İsmayılov | |
---|---|
İnqilab Ələkbər oğlu İsmayılov | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 fevral 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 1992 (30 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Bilinmir |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Azərbaycan Respublikasının Daxili Qoşunları |
Döyüşlər | |
Təltifləri |
İnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur. Orta məktəbi 1979-cu ildə bitirmişdir. O, 1981-ci ildə ordu sıralarına çağırılmış və daxili qoşunlarda xidmət etmişdir. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirmişdir. Xarkov şəhərində xidmətini başa vuran İsmayılov 1984-cü ildə Xocalıya dönmüş və sovxozda traktorçu işləmişdir.[1][2]
İnqilab İsmayılov 1990-cı ildə Xocalı Polis şöbəsində işə düzəlir. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda vəziyyət gərginləşirdi. Erməni işğalçıları Xocalını gecə-gündüz raket atəşinə tuturdular, silahsız, günahı olmayan sakinlər faciəli surətdə həlak olurdular.[1][2]
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları ilə Rusiyanın 366-cı motoatıcı alayı birləşərək Xocalı soyqırımını törətdilər. Bu zaman İnqilab İsmayılov döyüşə atılır və döyüşçü yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalmış camaatın bir hissəsini düşmən mühasirəsindən çıxarır. O, əhalinin çoxunu Oğuz rayonunda yerləşdirib, yenidən cəbhə xəttinə dönür.[1][2]
İnqilab İsmayılov fəaliyyətini Ağdam rayon Polis şöbəsinin post-patrul xidmətində davam etdirir. Onun xidmət etdiyi post patrul alayı Daşbaşı yüksəkliyini qoruyurdu. Ermənilər buraya dəfələrlə hücum etmiş, məğlub olaraq geri çəkilmişdir. Hücumlardan biri 12 iyun 1992-ci ildə oldu. Ermənilər 6 dəfə hücum etsələr də, məğlub olub geri çəkildilər. Erməinlərin 6 postu tam məhv edildi. İnqilab İsmayılov bu döyüşdə şəhid oldu. Döyüşçü yoldaşları bir neçə dəfə cəhd etsələr də, onun cəsədini döyüş meydanından çıxara bilməmişdilər.[1][2]
Ailəli idi, üç övladı yadigar qalıb.[1][2]
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[1][2]
Bakının Xətai rayonundakı küçələrdən biri Milli Qəhrəmanın adını daşıyır. Həmin küçədə İ. İsmayılovun xatirə lövhəsi vurulub.[1][2]